Naxçıvanın qədim mirvarisi Ordubaddan REPORTAJ

# 16:04
29 iyun 2024

Ordubad rayonu Naxçıvan Muxtar Respublikasının özü kimi tarixin bir parçasıdır. Əsrlərə söykənən yaşayış yerləri, tarix-mədəniyyət abidələri insanı bu bölgənin qədimliyindən danışmağa vadar edir. "Azərbaycanın incisi" adlandırılan Ordubadın hər məhəlləsində meydan və bu meydanda məscid, çeşmə və çinar ağacına rast gəlmək mümkündür. Bu küçələrin hər daşı, hər evi bir abidədir, sanki. Bir-birindən fərqlənən küçələri birləşdirən bir dəyər olub - o da Ordubadın adət-ənənələri. Sakinlər deyir ki, bir küçədən quran səsi gələndə, digərindən qızıl səsi eşidilirdi. O küçələrin adlarının mənası da elə buradan götürülüb. O dövrlər Ordubadın ən varlı insanları məhz Varsan küçəsində yaşayırmış. Zaman keçdikcə, bu küçənin adı bir neçə dəfə dəyişib, lakin yerli sakinlər hələ də bu küçənin adını elə qədimdə olduğu kimi səsləndirirlər. VII əsrdə Ordubadda 70-dən artıq çeşmə olub. Şəhərin bu gün də əsas su təchizatı olan kəhriz sistemi orta əsrlərdə yaradılıb. Bu kəhrizlərə isə xalq arasında “40 pillə" də deyirlər. Maraqlısı odur ki, kəhrizlərin elə əsas başlanğıc mərkəzi də məhz Varsan küçəsidir. Bu küçə tarixi şəxsiyyətlərin, xanların yaşadığı bir küçə olub, indi də onların nəticələri yenə də burada yaşayırlar. Zəngin adət-ənənələri ilə seçilən Ordubada ilk dəfə ayaq basan insan özünü orta əsr Şərq şəhərlərindən birinə düşmüş kimi hiss edir. Tarixlə müasirliyin harmoniyasını özündə cəmləşdirən Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi tarixi köklərdən gələn mənəvi dəyərlərə hər zaman bağlı olan bir yurd yeri kimi ad qazanıb. Ceyhun Məmmədov Əli Xudiyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR