Nazir müavini: "Hazırda Türkiyədə 3 istiqamətdə yanğınları söndürürük"

# 17:34
4 avqust 2021

"Cənab Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən yanğınlarla əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən iki mərhələli olaraq şəxsi heyət və texnika yardımı göstərilib. Birinci mərhələdə 100 nəfərdən ibarət olan heyət təyyarə vasitəsi ilə, ikinci mərhələdə isə quru yolla 54 texnika, 247 nəfər şəxsi heyət Türkiyəyə gəlib".

APA TV-nin Türkiyəyə yanğın bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, quru yolla gələn şəxsi heyət və texnika ötən gün Dənizli şəhərində baş verən iki böyük yanğının söndürülməsinə cəlb olunub:

"Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən yanğınsöndürənlərimiz hadisə yerinə cəlb edilib. Bu yanğınlar Buldan və Tavas istiqamətlərində baş verib. Bu istiqamətlərin hər birinə 180 yanğınsöndürən və 50 ədəd yanğınsöndürmə avtomobili cəlb olunub. Mən özüm də bu istiqamətə Mersindən hərəkət etmişəm, 2 saatdan sonra hadisə yerinə çatmışam. Yanğının söndürülməsi istiqamətində fəaliyyətə başlanıldı. Yanğınlardan biri saat 02:30 radələrində söndürüldü. Bu gün səhər saatlarında mənə məlumat verildi ki, digər yanğın da səhər saatlarında söndürülüb. Göstərişim əsasında, hazırda orada olan texnika və şəxsi heyət Muğla istiqamətində hərəkət edir".

"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin idarəetmə mərkəzindən bizi yanğınların söndürülməsi ilə bağlı 3 istiqamətə yönəldiblər", - deyən Etibar Mirzəyev qeyd edib ki, bu, Kavaklı, İlanlı və Çayhisarına bölgələridir: "Bu istiqamətdə baş vermiş yanğınların söndürülməsinə bizim qüvvələr yönəldilib. Bu dəqiqələrdə yanğınların söndürülməsi işləri görülür. Həmçinin bu istiqamətdə bizim 1 helikopterimiz də fəaliyyətdədir".

Nazir müavini bildirib ki, Türkiyə bizə qardaş ölkədir. Biz yanğınların söndürülməsi üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qısa bir müddətdə Türkiyədəki yanğınları lokallaşdırıb söndürəcəyik.

Etibar Mirzəyev qeyd edib ki, artıq 4 gündür FHN əməkdaşları və texnikaları yol gəlir: "Hər bir bölgədə bizim əməkdaşları qardaş kimi qarşılayırlar. Bizə hər zaman can deyən Türkiyəyə demək istəyirik ki, Can Azərbaycan onların yanındadır. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı və dostluğu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR