Nazirdən etiraf: “Nöqsanların olması gözləniləndir”

# 18:57
2 dekabr 2021

“Tələbə təhsil kreditlərinin verilməsi üçün müraciətlərə yeni başlanılıb. Artıq bir neçə yüz tələbə prosesi tam olaraq yekunlaşdırıb, bəzilərinə hətta təsdiq də vermişik".

 

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib. Nazir hazırda aktual olan tələbə təhsil kreditlərinin verilməsindəki problemlərdən də danışıb: “Sistem yeni olduğundan hər hansı çatışmazlıq, qüsur və nöqsanların olması gözləniləndir. Təbii ki, bunların aradan qaldırılması labüddür. Hesab edirəm ki, həmin problemlər zamanla aradan qaldırılacaq. 18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq həllini tapır. Bəzi narazılıqlar isə anlaşılmazlıqla bağlıdır. Sosial problemi olanlar sosial kreditdən, sosial problemi olmayanlar isə daha yüksək bal yığıb standart güzəştlərdən yararlana bilərlər. Bu kreditlər sosial alətlərdir”.

 

Nazir həmçinin Azərbaycanda yaxın həftələrdə distant təhsilə keçilib-keçilməyəcəyi məsələsinə də aydınlıq gətirdi. Bildirdi ki, tədris ili başlayandan indiyə qədər 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdır. Emin Əmrullayev bundan başqa məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyətin nəzarətdə saxlanıldığını bildirib: “Son həftələrdə müəyyən qədər yoluxmalarda sabitlik yaranıb. Pandemiya dövründə hər zaman şahidi olmuşuq ki, yoluxmalarla bağlı qeyri-müəyyənlik olur, yəni vəziyyət dəyişə bilir. Hazırkı dövrdə daha az məktəb və sinif distant təhsilə keçir, çünki yoluxma sayı aşağı olur. Amma pandemiya hələ davam edir. Ölkə üzrə hər gün 1500-2000-ə yaxın yoluxma olur. Bunlar da yəqin ki, ölkədə vaksinasiya prosesinin getməsi ilə əlaqəlidir. Xüsusilə də təhsil işçilərinin 90 faizindən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik”.

 

O ki, qaldı müəllimlərin 3-cü doza vaksin vurdurması məsələsinə nazir bildirdi ki, hazırda 90 mindən artıq təhsil işçisi 3-cü doza vaksin vurdurub.

 

Aytən Sakitqızı,

Ziya Allahyarov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR