Nurəhməd Ulubəyovun xatirəsi anıldı

# 21:29
9 oktyabr 2021

 

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə könüllü qatılaraq, Vətən uğrunda canından keçən, şəhid Nurəhməd Ulubəyovun xatirəsi anılıb. Fəxri xiyabanda dəfn olunan şəhidin anım mərasimində ailə üzvləri, yaxınları, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

 

Şəhidin atası Hacıbəy Ulubəyov oğlu ilə fəxr etdiyini, bu tarixi qələbədə oğlunun da payının olmasından qürur duyduğunu deyir. Şəhid atası oğlunun nişanlı olmasına baxmayaraq Vətəni, torpağı hər şeydən üstün tutduğunu bildirir: “Ayın 27-si müharibə başlayanda gedib, ön cəbhədə döyüşüb. Vətənpərvər uşaq idi. Həmişə söhbət düşəndə deyirdi biz bu torpaqları alacayıq, bəlkə də hiss eləmişdi. Allahın qismətidir. On bir ildən sonra dünyaya gəldi, sanki Allah onu bu müharibə üçün dünyaya gətirmişdi. 25 yaşı oldu, həmən gün nəvəm dünyaya gəldi adını qoyduq Mahinur. Bir iki şəkilləri də qalı. Mən də fəxr edirəm ki, mənim oğlumun adı Azərbaycanın yeni tarixinə düşdü. Vətən sağ olsun”.

 

Şəhidin hərbi hissə komandiri Anar Mirzəyev deyir ki, Nurəhməd igid, cəsur olub, ilk gündən göstərdiyi şücaətə görə daim bizim qəlbimizdə yaşayır: “Əlbəttə çətindir bu gün döyüşçü yoldaşlarımızı ziyarət etmək, onlarla üz-üzə durmaq, amma bir qürur hissi ilə deyə bilərəm ki, onların qanı yerdə qalmayıb”.

 

Bacısı Rümayə xanım deyir ki, Nurəhməd mənə qardaşdan əlavə, dost-sirdaş olub. Sonuncu danışıqları isə oktyabrın birində olub: “Mesajın təkrarlanmağından başa düşdüm ki, nə isə düz getmir, eyni mesajı o təkrar yazmırdı. Dedim olar sənə yığım, dedi özüm zəng eləyirəm. Danışdıq, səsi uzaqdan gəlirdi, gizlətməyə çalışırdı. Dedim sən hardasan, dedi Beyləqandayam. Dedim yalan danışma, Müharibədir dedi, mən yaxşıyam narahat olma”. 

 

Anım mərasimində iştirak edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Vətən Müharibəsindən, Ordumuzun göstərdiyi qəhrəmanlıqdan söz açıb: “Hamının bir məqsədi, bir amalı var idi ki, qısa zaman ərzində torpaqlarımızı işğaldan azad eləmək. Müharibə o qədər sürətlə getdi ki, erməni ayılmamış, artıq müharibənin taleyi həll olunmuşdur. Qısa zaman ərzində buna nail olmaq Azərbaycan tarixində yüz illiklər, beş yüz illiklərlə götürsək qələbələri çox olub, amma Vətən Müharibəsindəki kimi sürətli müharibə ilə buna nail olmaq hərb tarixində olmayıb”.

 

Anım mərasimindən sonra şəhidin yaşadığı ünvanda büstünün açılışı olub. Açılışda şəhidin xatirəsinə nəğmələr oxunub, şerlər deyilib.

 

Sevinc Vaqifqızı,

Nərmin Murad,

Üzeyir Ağayev,

Samir Qaragözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR