O, komandirini xilas edərkən düşmən gülləsinə tuş gəlib

# 10:56
5 oktyabr 2021

Vətən müharibəsi şəhidi Rəşad Səfərəliyev Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Rəşad şəhid olan komandirini döyüş meydanından çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb. 19 yaşlı qəhrəman ölümündən sonra 3 medalla təltif olunub.

Rəşad Fərman oğlu Səfərəliyev 2001-ci ildə Xaçmaz şəhərində anadan olub. Uşaqlıqdan idmanla məşğul olan Rəşad bir sıra yarışlarda uğurlu çıxış edib.

Əsgərliyə yollandıqdan sonra Tərtər rayonunun düşmənlə təmas xəttində yerləşən ərazisində hərbi xidmətə başlayıb. Qorxmaz döyüşçü Vətən müharibəsinin ilk anlarından düşmən üzərinə atılan həmlə qruplarında yer alıb.

Düşmənin canlı qüvvəsini məhv edərək erməni postlarının ələ keçirilməsində fəal iştirak edən Rəşad indi Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan post uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. O, şəhid olan komandirini döyüş meydanından çıxararkən özü düşmən gülləsinə tuş gəlib. Şəhidin ailəsi Rəşadla qürur duyduqlarını deyirlər:

- Komandirləri dəfələrlə bizə təşəkkür məktubu ünvanlayıb. Döyüş yoldaşlarının dediyinə görə, Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Anası ilə telefonla danışanda deyib ki, sağ-salamat qayıtsam Mübariz İbrahimovun atasının əllərindən öpəcəyəm. Rəşadın özü də Mübarizin şəhid olduğu postda o zirvəyə yüksəldi. Allah bütün şəhidlərə rəhmət eləsin.

-Məktəb vaxtı deyirdi ki, mən şəhid olacam. Mən ailə qurmayacam, mən şəhid olacam. Onun ürəyini danmışdı. Ən ağıllı nəvəm idi. Getdi Vətən yolunda şəhid oldu.

- Düşmənlə üz-üzə olan postda xidmət edirdi. Zəng edəndə həmişə xidmət yerindən razılıqla danışardı. Axırıncı dəfə oğlumu onun andiçmə mərasimində gördüm. Ondan sonra ancaq telefonla əlaqə saxlamışıq. Əsgərlikdən sonra hərbdə qalıb işləmək istəyirdi. Rəşadla fəxr edirəm. Həyatda hər cür ölümlər var. Şəhidlik hər oğula qismət olmur. Mən qəhrəman anasıyam.

Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Rəşad Səfərəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR