O, noyabrın 5-də Şuşada şəhid oldu

# 11:58
5 noyabr 2021

Düşmənə qan udduran, torpaqlarımızı işğaldan azad edərkən şəhid olan igid Vətən oğullarından biri də Elməddin Talıbovdur.

APA TV-nin yerli bürosu xəbər verir ki, qəhrəman əsgərimiz 26 sentyabr 1998-ci ildə Yardımlının Şıxlar kəndində dünyaya gəlib. Uşaqlıqdan mehriban, tərbiyəli və vətənpərvər böyüyən Elməddin 22-ci yaşının ilk günü başlayan Vətən müharibəsində adını silinməz hərflərlə Qələbə tariximizə yazıb.

Şəhidin anası Siyabəyim Yaqubova deyir ki, Elməddin çox tərbiyəli uşaq idi: “İşdə işləyib, əsgər olub, əsgərlik edib, həmişə tərifi gəlib üstümüzə. İgid uşaq olubdur. Elməddin mənim fəxrimdir. Düzdür, analar üçün çox ağırdı, dözmək olmur, heç cür dözmək olmur. Amma yenə də bizim başımızı uca elədi, yaxşı döyüşçü oldu”.

Şəhidimizin anası deyir ki, oğlu şəhid olandan gözlərinə yuxu getmir - gecə saat neçədə oyansa, gəlib Elməddinin şəkillərinə, əşyalarına baxır, səhərə qədər onlarla danışır. İgid oğlunun qəhrəmanlığı, tanıyanların onun haqqında müsbət fikirləri, qazandığı hörmət və övladının ona yaşatdığı qürur hissi dərdinə təsəlli olur. Elməddin özü də müharibə zamanı ailəsinin narahatlığını aradan qaldırmaq üçün təsəlli verməyi bacarıb. O, imkan tapdıqca ailəsi ilə telefonla danışıb, yüksək əhval-ruhiyyəsi, şirin dili ilə nigaranlığı azalda bildirib. Nə qədər çətin döyüşlərdə olsa da, bunu ailəsinə hiss etdirməməyə çalışıb.


Şəhidin bacısı Gülmirə Talıblı onunla axırıncı danışığını belə xatırlayır: “Oktyabrın 6-da idi, danışdım ki, qaqaş, neyləyirsən? Dedi ki, neyləyəcəm? Ayaq dəyməyən yerlərə ayaq basıram. O, elə dedi ki, onu, gülüşü hələ də qulağımdadır. Qürurverici halda demişdi. Həqiqətən də döyüş yoldaşları da gəlmişdi. Necə orada döyüşürdülər onları danışırdılar. İnan, fəxrdir, bir qürur hissidir. Yəni ondan mənə qalan xatirə də müharibəyə getməmişdən 1 ay əvvəl məzuniyyət götürmüşdü, gəlmişdi və ondan mənə qalan qolumdakı bu qolbağıdır. Özü bunu vermişdi mənə, demişdi ki, bunu xatirə saxlayın. Bəlkə deyirəm hər şey insana əvvəlcədən bəlli olur?! Ondan da mənə qalan xatirə budur, ömrüm boyu da bu qolbaq mənim qolumda duracaq”.

Şəhidin qardaşı Fərhad Talıbov deyir ki, qardaşı 29 sentyabrda müharibə başlayanda ilk günlərdə yola düşüb: “Döyüş yolu Füzulidən başladı, Hadrut istiqamətlərində döyüşdü və sonda Şuşaya qədər gedib çıxdı. İgidlik göstərdi, qəhrəmanlıq göstərdi. 5 noyabrda Şuşada şəhid oldu. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Mən qardaşımla fəxr edirəm. O həmişə deyirdi, Ali Baş Komandan Cənab Prezidentimiz hər an müharibəyə əmr versəydi, müharibədə mən birinci gedəcəm, döyüşlərə qatılacam”.

5 noyabr 2020-ci il tarixində qəhrəman əsgərimiz qızıl hərflərlə adını Böyük Zəfər tariximizə yazdı, ölümsüzlüyə qovuşdu. Şuşanın azad olunması uğrunda döyüşdə şəhidlik zirvəsinə ucaldı.

Şəhidin döyüş yoldaşı Rəhim Əsgərli deyir ki, bir müharibə yoldaşım Yardımlıdan bir şəhid olduğunu dedi və gəlib ona baxmağımı istədi: “Təsadüfən gedib ona baxdım. İlk növbədə soyadını soruşdum, Talıbov olduğunu dedilər mənə. Gedib baxdığım zaman biraz üzü palçıq olduğuna görə tanımadım onu. Üzünü təmizlədikdən sonra tam əminliklə Elməddin olduğunu gördüm. Heç cür inana bilmirdim onun şəhid olmağına. Bəlkə də "insan insana bənzər" deyə düşündüm. Dedim yəqin başqa birisidir. İnsan insana bu qədər bənzəməz, bu Elməddin ola bilməz. Tam dəqiq öyrəndikdən sonra üzücü xəbəri heç kəsə deyə bilmədim. Özüm öz içimdə ağlayırdım. Bəzi müharibə yoldaşlarım da mənə qoşuldu, ağladılar”.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidliyi və şücaətinə görə şəhid Elməddin Talıbov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin! 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV, Yardımlı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR