Oğurladıqları pulu torpağa basdırdılar

# 11:37
28 fevral 2022

Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilib.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, polis şöbəsinə müraciət edən zərərçəkən 9 300 ABŞ dolları və 4 min manat pulunun, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri, Şahid Balliyev və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov  tutularaq istintaqa təhvil veriliblər.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkənin fermasında çoban işləyən Şahid Balliyev Bakıda kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min manatı öz aralarında bölüblər, dollarları isə bankaya qoyaraq iz itirmək məqsədilə Nicat Abdulkərimovun yaşadığı ünvanda torpağa basdırıblar.  Keçirilmiş tədbirlərlə qızıl-zinət əşyaları və torpağa basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb.
 

Şahid Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin evdən 10 000 manat pul oğurladığı və bundan sonra Bakı şəhərinə gedərək restoranlarda xərclədiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Vüqar Heydərov

Əhməd Fərruxoğlu

APA TV 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR