Onun döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan keçib

# 11:50
3 noyabr 2021

İşğala son qoyan, bu zəfəri bizə yaşadan igidlərimizdən biri də Lənkəranın Göyşaban kəndindən olan şəhid əsgər Elməddin Məmmədlidir. Elməddin 26 aprel 1995-ci ildə Lənkəranda dünyaya göz açıb. Göyşaban kənd tam orta məktəbini 2012-ci ildə bitirib, həmçinin mədrəsədə ilahiyyat üzrə təhsil alıb. Ağır atletika idman növü ilə məşğul olub. Milli Ordunun tərkibində hərbi xidmət borcunu yerinə yetirib qayıtdıqdan sonra xırda ticarətlə məşğul olub, müxtəlif sahələrdə çalışmaqla ailəsinə kömək edib. 2018-ci ildə Dövlət Dəniz Administrasiyasının növbə motorçusu təhsilini alıb. Vətən müharibəsi başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə yollanıb. Şəhidimizin atası Əlləddin Məmmədov oğlunun vətənpərvərliyindən qürurla danışır: “Anası ona dedi ki, niyə sən getdin? Dedi ki, şəxsiyyətimə sığışdırmadım, baxdım yanımdakılara məndən balaca uşaqlardı, qolumu çəkdim, könüllü olaraq getdim. Mənim oğlum vətənpərvərdir, vətənini çox sevən, vətəninə qayğı göstərən.” 

Elməddin Məmmədlinin döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan keçib. 24 oktyabr 2020-ci ildə cəsur döyüşçümüz Qubadlıda döyüş tapşırığını yerinə yetirərkən düşmənin endirdiyi minomyot zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

İndi isə anası Elməddindən yadigar qalan əşyalara, şəkillərə baxıb, şəhid oğlu ilə danışıb təsəlli tapır: “Bu otaq mənim təsəlli otağımdır. Gecə elə olur ki, yuxum gəlmir. Yuxum gəlməyəndə mən gəlib bura baxıram. Bu otaqdan təsəlli alıram, uşağımın iyini alıram. Hər səhər gedəndə mən bu otağa girirəm uşağımla danışıram, uşağımın şəklin öpürəm. Hər nə məsləhətim olanda mən bu otağa girirəm. Mən onunla fəxr edirəm, o mənim tərbiyəli, cənnət qoxulu uşağım idi.”  

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına  görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Tural Kərimov, Rövşən Əzimov, APA TV, Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR