Orduya dair yalan məlumat yayanlara XƏBƏRDARLIQ - MONİTORİNQ APARILACAQ

# 16:53
28 iyul 2022

Mətbuat Şurasında mediada və sosial şəbəkələrdə Orduya dair bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi ilə bağlı toplantı keçirilib.

 

APA TV-nin xəbərinə görə, toplantının keçirilməsində məqsəd əsası olmayan məlumatların yayılmasının, vətəndaşlar arasında süni ajiotaj yaratmağın, həqiqətə uyğun olmayan informasiyaların tirajlanmasının qarşısını almaqdır.

 

Tədbirdə diqqətə çatdırılıb ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində tədbirlər görülüb. Sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

 

Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində isə  məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov həmçinin bildirib ki, hərbi mövzuda yazan jurnalistlərin yazılarının monitorinqi aparılacaq: “Bundan sonra Azərbaycan Mətbuat Şurası nə edəcək. Biz planlaşdırırıq ki, məhz bu sahədə, hərbi mövzuda yazan jurnalistlərin yazılarının monitorinqini aparaq, vaxtı- vaxtında analiz edək, bunların müzakirəsini mütəxəssislərlə birlikdə aparaq. Bura toplaşmaqda məqsəd ondan ibarət deyil ki, jurnalist harada nə səhv edib, biz hüquq –mühafizə orqanlarını dəstəkləyək. Bizim məqsədimiz budur ki, həmkarlarımıza yardım edək, onlar bu sayaq səhvlər etməsinlər”.

 

Tədbirdə çıxış edən digər natiqlər isə qeyd edib ki, söz və ifadə azadlığının da müəyyən sərhədləri olmalıdır. Həmçinin qeyd edilib ki, elektron media qurumlarında da dövlətin, Ordunun maraqlarına zərbə vuran materiallar yer alır. Çıxışçılar rəsmi qurumların informasiya siyasətinin daha operativ olmasını, bu sahədəki çatışmazlıqların da aradan qaldırılmasının vacib olduğunu vurğulayıblar.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR