Orxan Novruzəlizadə uğrunda şəhid olduğu torpağa tapşırıldı

# 17:07
12 may 2023

Erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz Orxan Novruzəlizadənin nəşi Ağstafa rayonunun Vurğun qəsəbəsinə gətilib, ailəsinə təhvil verilib. Orxanın 25 yaşı var idi. Ailədə iki qardaş, iki bacı olan Orxan evin sonbeşiyi olub. Zəhmətkeş bir ailədə böyüyüb Orxan. Elə məktəbdə də, kənddə də onun sakit təbiətli, vətənsevər bir gənc kimi tanıyırlar.

Orxanın anası ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib. Özü isə mayın 11-də düşmənin Zod istiqamətindən törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizlə vida mərasimində rəsmi şəxslər, şəhid ailələri və qazilər, hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra Orxan Novruzəlizadə doğulub boya-başa çatdığı Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. Üç rəngli Azərbaycan bayrağı şəhidin atası Elxan Novruzəliyevə təqdim edilib. Qeyd edək ki, Orxan Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. 44 günlük müharibədə iştirakına görə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilib. O, subay olub.

 

Fuad Nazimoğlu Mehdi Rəşid APA TV Ağstafa

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR