Parkda əri tərəfindən öldürülən qadının qətlinin əsl səbəbləri nələrdir?

# 20:52
8 sentyabr 2021

Parkda öldürülən 24 yaşlı Təranə Mustafayevanın əri tərəfindən dəfələrlə döyüldüyünü iddia edən yaxınları bildirir ki, Təranə öldürülməmişdən  əvvəl əri Tural Mustafayev onu döydüyü üçün polisə müraciət edib.

 

Təranənin xalası Gülyaz Rəsulova deyir ki, Təranə Mustafayevaya 25 bıçıq zərbəsi vurulub:

 

 “Dərdimiz odur ki, 24 yaşlı qızımızı döydülər, bizdə gedib şikayət elədik. Anası, qardaşı gəldi dedi ki, Pərvin adlı müstəntiqə bir də Orxan adlı polisə 1500 manat verib işi bağladıq. Ondan sonrada balamı aldatdılar ki, gəl şikayəti geri götür. Ya da gəl boşan. Mənim də balam dedi boşanıram oturmuram səndə. Apardı qardaşı ilə ərizə verməyə. İki qardaş onlar gəldi, bacı-qardaş da bunlar getdi. Qardaşı balamın qardaşının başını bu tərəfdə qatıb. O tərəfdə yoldaşı balamı qanına qəltan elədi. 25 bıçaq vurub. Saydığım hələ odur. “

 

İddialarla bağlı adı çəkilən hər iki şəxslə əlaqə yaratmağa çalışdıq. Orxan Nəbiyev bildirdi ki, qadının müraciəti əsasında şəxs tibbi yoxlanışdan keçirilib və sənədləşmə aparılıb. Pərvin Səfərli isə iddialarla bağlı məlumatın yanlış olduğunu bildirdi.

 

Ailənin digər bir iddiasına görə, Təranənin əri, Tural Mustafayevin narkotik alışqanlığı olub və Turalın anası da oğlu ilə birlikdə narkotik alqı-satqısı ilə məşğul olublar. Təranə öldürüldüyü günün gecəsi, ərini ondan boşanacağı və onların törətdiyi cinayətləri polisə deyəcəyi ilə təhdid edib. Onların sözlərinə görə elə Təranənin öldürülməsinə əsas səbəb də məhz bu təhdid olub.

 

Mərhumun qohumu Cəsarət Məmmədov Təranənin öldürülməsinə əsas səbəb məhz təhdid oluğunu vurğulayıb:

 

 “Axşam telefonda danışıb, qız telefonda deyib ki, indi həmin telefon üzə çıxsın. Qız telefonda deyib ki, anan gilin gördüyü işi mən polisə deyəcəyəm. Onun səhəri qızı öldürdülər. Qızı öldürdülər ki, iş batsın.”

 

 

Ailə əri Təranəni döyəndə də, öldürəndə də qısqanclıq üstündə etdiyini açıqladığı üçün qızlarının telefonunun nəzarətə götürülməyini və orda olan yazışmaların ortaya çıxmasını istəyirlər.

 

İddialarla bağlı Bərdə rayon Prokurorluğuna müraciət etdik. Prokrorluqdan bildirildi ki, Təranənin valideynləri qaldırdıqları iddiaların araşdırılması üçün rəsmi şəkildə müraciət etməlidir. Məhz ondan sonra onların iddiaları barədə araşdırma aparılacaq.

 

Qeyd edək ki,  Sentyabrın 6-ı saat 15 radələrində 1997-ci il təvəllüdlü Təranə Mustafayevanı həyat yoldaşı 1988-ci il təvəllüdlü  Tural Mustafayev bıçaqlayaraq qətlə yetirib.

 

Habil Aslanoğlu, Arzu Quliyev, APA TV, Bərdə

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR