Paşinyan şərtləri qəbul etdi, Zəngəzur dəhlizi açılır
Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Ölkə başçısı görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib və vurğulayıb ki, bu prinsiplər sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır. Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd edib.
Şarl Mişel görüşün yekunlarına dair açıqlamasında bildirib ki, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini gücləndirəcək. O, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğulayaraq bildirib ki, Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır. Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik” - deyə Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb.
“Mayın 22-də keçirilmiş görüş cənubi Qafqazda kommunikasiyaların bərpa olunmasına xüsusi töhfə verəcək” - Bu fikirlər isə Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramova aiddir. APA TV-yə danışan deputat qeyd edib ki, Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurdakı infrastrukturun formalaşması ilə bağlı apardığı yenidənqurma və bərpa işlərini sürətlə davam etdirməsi, eləcə də bu istiqamətdə danışıqların intensiv xarakteri Zəngəzur dəhlizinin və kommunikasiyaların daha qısa zamanda reallaşmasına zəmin yaradır: “Eyni zamanda, İqtisadi Məşvərət Şurası Azərbaycanda, xüsusən də Avropa İttifaqının ayırdığı vəsait hesabına müxtəlif layihələrin maliyyələşdirilməsi ilə bağlı fəaliyyətini davam etdirəcək. Nəzərə alsaq ki, Aİ Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün 2 milyard avrodan çox vəsait ayırıb. Bu da Aİ ilə Azərbaycanın münasibərlərinin yeni mərhələyə qədəm qoyması baxımından vacibdir. Digər tərəfdən Azərbaycan Avropanın Cənubi Qafqazda ticarət dövriyyəsinin 77 faizini formalaşdırır. 23 faiz isə Gürcüstanın və Ermənistanın payına düşür. Bu isə ondan xəbər verir ki, Azərbaycan Aİ üçün regionda ən strateji tərəfdaşdır”.
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin sonrakı dövrdə də müsbət istiqamətdə inkişaf edəcəyini vurğulayan deputat qeyd edib ki, təşkilat bölgədə ən çox investisiyanı Azərbaycana yönəldib və həm Qarabağa, həm də Şərqi Zəngəzura sərmayə yatırmaq niyyətindədir.
Görüşün siyasi tərəfəni APA TV-yə şərh edən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Ermənistandakı radikallar, müxtəlif xarici qruplar sülh müqaviləsinin bağlanmasını istəmir, Azərbaycan əleyhinə müəyyən arqumentlərin ömrünü uzatmağa çalışırlar.
Əziz Əlibəylinin fikrincə, Brüsseldə əldə edilən razılaşma onu deməyə əsas verir ki, üçtərəfli görüşlərin vasitəsiz, yəni ikitərəfli görüşlərə çevrilməsinə az qalıb və yaxın tarixdə belə bir təcrübə olub: “Xatırlayırsınızsa, Ümummili lider Sədərəkdə Ermənistanın o zamankı rəhbəri Robert Köçəryanla belə bir görüş reallaşdırmışdı. Bu çox müsbət bir praktirka olacaq ki, Azərbaycan tərəfləri həm delimitasiya və demarkasiya prosesini həyata keçirən komissiya üzvləri, o cümlədən əlbəttə ki, ümumi məqsədlər naminə qərar verilmiş və hansı ki niyyətdə nəzərdə tutulub mövqelərinin uzlaşdırılması bunu həyata keçirmək üçün tərəflər üçüncü tərəf olmadan bir araya gəlməlidir. Və əlbəttə ki, öz niyyətlərini nümayiş etdirməklə problemin həllinə dair müsbət cavablar ala bilərlər. Düşünürəm ki, belə görüşləri, Azərbaycan və Ermənistan liderlərinin Sədərəkdə görüşəcəyi günə gətirib çıxaracaq bir yol kimi də baxmaq lazımdır”.
Xatırladaq ki, ATƏT-ə sədrlik edən Polşanın bu qurumdakı daimi nümayəndəliyinin “Twitter” hesabında görüşlə bağlı paylaşım var: “Birbaşa dialoq münasibətlərin normallaşması və hərtərəfli sülh müqaviləsinin hazırlanması üçün şərtdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etməlidir.
Fuad Sadıqov
APA TV