Paytaxt ərazisində yeni rayon yaradılır

# 22:10
10 avqust 2021

Son günlər xəbər saytlarında və sosial şəbəkələrdə paytaxt ərazisində mərkəzi rayonun yaradılması ilə bağlı məlumatlar yayımlanmaqdadır.

APA TV-nin məlumatına görə, yaradılması planlaşdırılan yeni rayonun Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının müəyyən hissələrini əhatə edəcəyi və Nizami rayonunun da ləğv edilərək ərazisinin Nərimanov və Xətai rayonları arasında bölüşdürüləcəyi xəbərləri yayılan məlumatlar sırasındadır.

Məsələni araşdırmaq məqsədilə ilk olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun rəsmisi İsrafil Kərimov bildirdi ki, bu barədə onlara heç bir tapşırıq verilməyib və bu məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətindədir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə bildirdi ki, xəbər saytlarında yayılan məlumatlar mərkəzi rayonla bağlı deyil və sözügedən məlumatlar paytaxtın tarixi hissəsi ilə bağlı xüsusi mühafizə zolağına aiddir: “O, mərkəzi rayonun inzibati ərazisi deyil. O məlumatdakı ərazi xüsusi mühafizə zolağı ilə bağlı məlumatdır. Bu isə bizim saytda açıq şəkildə var. Mühafizə zolağı ilə inzibati rayon eyni deyil. Onların sərhədləri də bir-birinə uyğun gəlməyə bilər. İnzibati rayonun ərazisi bəlkə daha geniş olacaq. Bu bizim baş plan çərçivəsində tarixi ərazilərin, hansı ərazilər ki mühafizə olunmalıdır, məsələn İçərişəhər, ətrafındakı tarixi binalardır ki xüsusi mühafizə zolağı kimi ayrılıb”.

Mühafizə zolaqlarının necə olacağına gəlincə isə, memar Muxtar Ərturan bildirdi ki, böyük şəhərlərdə xüsusi mühafizə zolaqlarının yaradılması dünya praktikasında mövcuddur və bu birbaşa şəhər infrastrukturunun yüksəlməsinə xidmət göstərir: “Mühafizə zolağının yaradılması qədim Bakını arxitekturasını önə çıxaracaq. Məsələn qonşu Gürcüstanda bu model var. Bu addım köhnə Bakı küçələrinin turistik zonalarının önə çıxarılmasına gətirib çıxaracaq. Bu da ölkədə turizmin inkişafına çox böyük təsir göstərəcək. Həmçinin bura otel və restoranların, həmçinin turistlərə xidmət edən digər obyektlərin inkişafına, habelə yeni biznes məkanlarının açılmasına gətirib çıxaracaq”.

Memar həmçinin də deyir ki, əgər paytaxtda mərkəzi rayon yaradılarsa, bu daşınmaz əmlak bazarına da təsir edəcək: “Bakının bir neçə zonaya bölünməsi, mərkəzi rayon, regional rayon və alt rayon olması daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Mənzillərin qiymətlərində artım olacaq. Məsələn regional bölgü bir neçə icra hakimiyyətinin birləşməsinə və vahid bir icra mexanizminin yaradılmasına, həmçinin qırmızı xətlərin, zolaqların təsdiqlənməsinə gətirib çıxaracaq. Bu da müsbət haldır”.

Qeyd edək ki, paytaxt ərazisində mərkəzi rayonun yaradılması  təklifi ilk dəfə 2019-cu ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə qaldırılıb və dövlət başçısının təklifi bəyənərək bununla bağlı tapşırıqlar verib.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR