“Peyvənd” və “İmmunitet” sertifikatları ilə bağlı yeni qərar – BİRGƏ MƏLUMAT YAYILDI

# 11:52
14 iyul 2021

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB hansı hallarda peyvənd vurdurmuş şəxsin vaksinin 3-cü dozasına (buster doza) ehtiyacı yarandığını açıqlayıb.

APA TV-nin xəbərinə görə, məlumata əsasən, buster doza qüvvətləndirici doza deməkdir: “2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul edilən 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər”.

Bundan başqa, COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PZR testi vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər.

“Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib.

2 iyul 2021-ci il tarixindən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2 iyul 2021-ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə isə “Peyvənd sertifikatı” verilir. Bu sertifikat müddətsizdir.

Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in məlumatına görə, peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR