Pişik üstündə dava düşdü, 8 il həbs edildilər

# 17:11
14 aprel 2023

Bakıda iki nəfər pişik cütləşdirmək adı ilə internetdə tanış olduğu bir nəfəri görüşə çağıraraq quldurluq edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir müddət öncə Ramana qəsəbəsində baş verib. İttihama görə, 2003-cü il təvəllüdlü Kamil Əliyev (şərti) və 1992-ci il təvəllüdlü Murad Əkbərov (şərti) cins ev heyvanları saxlayan şəxslərin maddi imkanlarının geniş olmasını, üzərlərində dəyərli əmlak və pul gəzdirdiklərini fikirləşiblər. Onlar instaqramda tanış olduqları Sədi Məmmədovu (şərti) qarət etmək qərarına gəliblər. Kamil Sədiyə “Skottish” cinsindən olan pişik saxladığını deyib, onun eyni cinsdən olan pişiyi ilə cütləşdirmək üçün Ramanada görüş təyin edib. Görüş zamanı Kamil özündə kontur olmadığını bildirib, pişiyi gətirən adama zəng etmək bəhanəsi ilə Sədinin telefonunu istəyib. Bu zaman Murad arxadan yaxınlaşaraq Sədini yumruqla vurub. Onun müqavimətini qırmaqla 40 manat dəyərində gödəkçəsini, 5 manat nağd pulunu, balansında pul olmayan 2 manat dəyərində “Bakıkart”ını, içində pul olmayan bank kartını və 80 manat dəyərində mobil telefonunu götürüblər. Sədiyə ümumilikdə 137 manat ziyan vurublar. Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) cinayət işi başlanıb. Kamil və Murad tutularaq istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onların hər birinə 8 il 6 ay müddətə həbs cəzası verib. Qərardan narazı qalan K.Əliyev və M.Əkbərov apellyasiya şikayəti verib. Kamil bəraət, Murad isə ittiham olunduğu maddənin yüngülləşdirilməsini istəyib. Onların şikayətinə bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə apellyasiya şikayətlərini əsassız hesab edib. Hər iki şəxsin cəza müddəti dəyişdirilmədən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR