Polis sizi hansı hallarda təqib edə bilər?

# 19:36
30 mart 2022

Şəhər yollarında polis təqibi zamanı bir çox hallarda nəinki sürücülər, hətta piyadalara üçün də təhlükə yaranır. Yol polisi əmrə tabe olmayan sürücüləri təqib etməyə başlayır və həm qaçan, həm də qovan sürət həddini aşaraq, təhlükəli manevrlər edirlər.

Bəs ümumiyyətlə, polis sürücünü təqib edə bilərmi? Bilərsə, hansı hallarda və hansı əsaslarla?

Ekspert Ərşad Hüseynov deyir ki, dayanma barədə göstərişə tabe olmayan sürücünün nəqliyyat vasitəsi o halda təqib oluna bilər ki, həmin avtomobilin sürücüsünün və ya sərnişinin cinayət törətməsi barədə dəqiq məlumatlar olsun: “Ya da məlumat olmalıdır ki bu, avtomobil cinayət törətməkdə istifadə olunacaq. Digər hallarda təqibə yol verilmir“.

Ekspert bildirir ki, sürücünün inzibati xəta törətməsi təqibə əsas vermir. Həmçinin təqib edilən nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda süni maneələrdən istifadə olunmalıdır: ““Kirpi” deyilən bir qurğu var və ya texniki qurğular vasitəsi ilə süni maneələr yaradılır. Elə plastik texniki vasitələr var ki, ilk baxışda onlar təhlükəli görünür, lakin elə deyil. Avtomobil ona çırpılanda hərəkətdən kənarlaşsa da, sürücü üçün həyati təhlükə yaranmır. Eyni zamanda, çox maddi ziyan dəymir“.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin sözlərinə görə, polis əməkdaşının fiziki qüvvə və ya hər hansı vasitələrlə güc tətbiq etməsi “Polis haqqında” qanunun 26-cı maddəsi ilə tənzimlənir: “Polis əməkdaşı qanunun tələblərini icra etməyən şəxsə yalnız bu hallarda fiziki qüvvə tətbiq edə bilər. Hazırlanan və ya törədilən cinayətin qarşısını aldıqda, inzibati xətanı və ya cinayəti törədən şəxs tutulduqda. Hər hansı hüquq pozmanın törədilməsində güc işlədildikdə”.

Bəs qanunla polis hansı hallarda odlu silahdan istifadə edə bilər?

Vəkillər Kollegiyasının üzvü Cavid Cəfərov deyir ki, həmin avtomobillərdə cinayətkar varsa, xüsusilə, həmin cinayətkar ətrafdakı vətəndaşlar, cəmiyyət üçün təhlükə mənbəyi yaradarsa, “Polis haqqında” qanunun tələblərinə uyğun olaraq, onu zərərsizləşdirmək üçün odlu silahdan istifadə etmək olar.

Ekspert Ərşad Hüseynov bildirir ki, yüksək sürət həddi ilə nizamlanan yollarda,  eyni zamanda yaşayış zonalarında həmin şəxslərin tutulması üçün digər tədbirlərin görülməsi təhlükəsizlik baxımından daha məqsədə uyğundur. Bütün hallarda qanunun tələbinə uyğun olaraq təqib təhlükəsiz olmalıdır.

Nərmin Murad

Fariz Quliyev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR