Politoloq: “3+3 formatına Avropa və ABŞ-da qoşula bilər”

# 20:36
1 noyabr 2021

ABŞ prezidentinin Türkiyə prezidentinə əsgər salamının verməsi ilə yadda qalan G-20 sammiti hələ də müzakirə olunmaqdadır. Bizim üçün maraqlı olan mə­qamlardan biri isə görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsinin bitdiyini deməsi olub.

 

Üstəlik, Türkiyə və Rusiya XİN rəhbərləri 3+3 platformasını bir daha müzakirə ediblər.

 

Görüşdən sonra sosial şəbəkələrin erməni seqmentində “Türkiyə Cənubi Qafqazı həm Rusiyanın, həm də ABŞ-ın əlindən aldı” kimi fikirlər belə yazıldı.

 

Politoloq Tofiq Abbasov deyir ki, ermənilər hələ də çaşqın vəziyyətdədirlər, bu da onların vahid xətt üzrə siyasət yürüdə bilməməsinə səbəb olub. Onun sözlərinə görə, Post-müharibə dövründə bütün tərəflərə imtiyazlar açılıb və bu prosesə ermənilər nə qədər tez qatılsalar daha çox udacaqlar: “3+3 formatına Avropa və ABŞ-da qoşula bilər. Bizə maraqlı olan budur ki, bölgədə sabit şərait formalaşsın. Kommunikasiyanın açılması üçün qonşuların da fəaliyyətlərinə ehtiyac var. Amma Ermənistan vaxt udmağa çalışır. Əgər onlar keçmişə aparan qapıları bağlasalar, həm özləri, həm də bölgə ölkələri üçün yaxşı olacaq. Artıq böyük ölkələr başa düşür ki, Azərbaycanın qələbəsi, artıq yeni eraya qapı açır”.

 

3+3 layihəsinin reallaşmasına gəlincə isə, politoloq Cavid Vəliyev bildirib ki, bu məsələdə Gürcüstan və Ermənistan narahatdır və ehtiyatlı mövqe ortaya qoyur: “Azərbaycan üçün əsas olan nəqliyyat xətlərinin açılması, Demilitarizasiya və demarkasiya xətlərinin işlərinin həyata keçirilməsidir. Biz öz niyyətimizi ortaya qoyduq. Bizim üçün prioritetlər var və biz bunları yerinə yetirməyə çalışırıq”.

 

Qeyd edək ki, G-20 sammiti çərçivəsində görüşən ABŞ və Türkiyə Prezidentləri Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub. Görüşdə Cənubi Qafqazda diplomatik səylər gündəmə gəlib. Bundan başqa, Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşündə də Cənubi Qafqazdakı atılan addımlarla bağlı müzakirə apardıqlarını deyib.

 

Fuad Sadıqov,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR