Polşalı memarların ölkəmizdəki möhtəşəm işləri

# 16:01
17 fevral 2022

Polşa Respublikasının Bakıdakı Səfirliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Polşa memarlıq irsinin təbliğinə həsr olunmuş Polşa-Azərbaycan təşəbbüslərinin təqdimat mərasimi keçirilib. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin mahiyyətindən və Polşa-Azərbaycan dostluğundan bəhs edib.

 

"Bu, demokratik əlaqələrin möhkəmliyini göstərən ən bariz nümunə 2013-cü ildə ümummilli lider Heydər Əliyevin açılışında iştirak etdiyi və Polşanın mərkəzində yerləşən Azərbayan-Polşa qardaşlığını göstərən sülh heykəlidir. Hər iki ölkənin əlaqələrinin bütün istiqamətlərdə var. Düşünürəm ki, bu layihə Polşadan Azərbaycana gələn turistlərin diqqətini çəkəcək və hər iki ölkənin mədəni bağlarını ən yaxşı şəkildə nümayiş etdirəcək".

 

Polşa səfiri Rafal Poborski 2019-cu ildə hər iki ölkənin təşəbbüsü ilə yaradılan Polşa memarları küçəsinin əhəmiyyətini vurğulayaraq, gündəlikdə duran layihəyə diqqət çəkib:

 

"Biz bu gün mühüm bir layihəni təqdim edəcəyik. Bu layihə Azərbaycanda fəaliyyət göstərmiş Polşa memarlarının irsini ən yaxşı şəkildə nümayiş etdirəcək və bu nümayiş iki ölkə arasındakı mədəni əlaqənin növbəti mərhələsinin təməlini qoyacaq".

 

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid isə Polşa memarlarının fəaliyyətinin zaman-zaman təkcə Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər bölgələrində də olduğunu xüsusi qeyd edib: 

 

"Sirr deyil ki, 19-20-ci əsrlərdə Bakıda memarlıq abidələrin inkişafında polşalı memarların mühüm fəaliyyəti olmuşdu. O abidələrdən Milli Elmlər Akademiyası, Səadət Sarayı, Əlyazmalar İnstitutunun adını çəkə bilərik".

 

Memarlar İttifaqının sədri Elbay Qasımzadə isə bildirib ki, şəhərimizi gözəlləşdirən polşalı memarlar həm də azərbaycanlı sayılmalıdırlar, çünki ölkəmizə bu qədər önəmli gözəllikləri bəxş ediblər.

 

Çıxışlar bitdikdən sonra Polşa memarlarının Azərbaycanda müəllifi olduqları abidələrin videosu nümayiş olunub.

 

Fuad Sadıqov

Ceyhun Mustafayev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR