Prezident İlham Əliyevin tarixi çıxışı: 40 milyondan çox soydaşımız alqışlayır - APA TV

# 19:40
12 noyabr 2022

Noyabrın 12-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Ölkə başçıları təşkilatın gələcəkdə prioritet məsələləri, habelə siyasi, iqtisadi, hərbi sahələrdəki əməkdaşlığın inkişaf strategiyası barədə çıxışlar ediblər. Prezident İlham Əliyev də təşkilatın 2009-cu ildə baş tutan Naxçıvan görüşündən bəri böyük inkişaf yolu keçdiyini bildirib. Xatırladaq ki, həmin görüşdə ölkə başçısı üzv dövlətlərə çağırış edərək bütün sahələrdə birləşməyi təklif etmişdi.

 

Sitat: Bizdə bütün imkanlar vardır. Təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyat, insanların istedadı, mövcud olan yeni infrastruktur. Biz bütün imkanları bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcək. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”. Sitatın sonu

 

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə  keçirilən IX Zirvə Görüşündə Azərbaycanın xarici siyasətdə əldə etdiyi son uğurlar barədə, eləcə də Qarabağda aparılan yenidənqurma işlərindən danışıb. O bildirib ki, son vaxtlar Türk Dövlətləri Təşkilatı ölkələrinin qarşılıqlı olaraq imzaladıqları müxtəlif sahələrə aid sənədlər, müqavilələr birliyin artıq böyük gücə çevrilməsi istiqamətdə böyük addımlarla irəlilədiyindən xəbər verir. Dövlətimizin başçısı artıq Təşkilatın türk xalqlarını dünyanın hər yerində müdafiə etmə imkanına sahib olduğunu da qeyd edib: “Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”

 

Prezidentin bu açıqlaması dünyanın müxtəlif ölkələrində yaşayan güneyli soydaşlarımız tərəfindən də böyük rəğbətlə qarşılanıb.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyətinin üzvü, Savalan Araşdırmalar Mərkəzinin rəhbəri Sadiq İsabəyli bildirib ki, prezident İlham Əliyevin türk dövlətlərinin coğrafiyası ilə bağlı açıqlaması xüsusi önəm daşıyır. O əlavə edib ki, bu fikir nəinki güneydəki soydaşlarımız, hətta dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən coşğu ilə qarşılayıblar: “Nəzərə alsaq ki, iki həftə əvvəlki açıqlamaları həm də Güney Azərbaycanda böyük sevincə səbəb oldu. Oradakı milli fəallarımız Azərbaycan Prezidentinin şəkillərini müxtəlif şəhərlərdə, xiyabanlarda divarlara yapışdırdılar və Azərbaycan bayrağını qaldırdılar. Onlar mesaj da verdilər ki, cənab Prezident Güney Azərbaycanda yaşayan 40 milyonluq Azərbaycan türki və gənclər sizin mesajını aldı və sizin arxanızdadır. Bu çox böyük bir tarixi və siyasi qərardır. O anlamda hesab edirəm ki, bu istiqamətdə Azərbaycan dövləti çox ciddi addım atıb. Bu böyük alqışa layiqdir. Hesab edirəm ki, Güneydə və xaricdə yaşayan Azərbaycan türkləri, güney Azərbaycanla bağlı fəaliyyət göstərən fəallarımız, milli təşkilatlarımız cənab prezidentin bu açıqlamasını çox ciddi şəkildə dəyərləndirəcək və bu istiqamətdə fəaliyyətlərini quracaqlar”.

 

 

Sadiq İsabəylinin fikrincə, prezident İlham Əliyevin Səmərqənddəki çıxışı hamıya xatırlatdı ki, Güney Azərbaycan da türk dövlətlərinin bir parçasıdır.

 

Digər güneyli soydaşımız, siyasi şərhçi Məhsa Mehdili isə deyib ki, Türkiyənin mənəvi dəstəyi ilə Azərbaycanın Qarabağdakı qalibiyyətindən sonra molla rejimi güneydəki azərbaycanlılara qarşı basqıları daha da artırıb. Prezident İlham Əliyevin çıxışı isə basqılar altında əzilən soydaşlarımız üçün böyük dəstək oldu: “Azərbaycan dövləti bölgədə nə qədər güclü olarsa, o qədər Güney Azərbaycanın azadlığına yaxınlaşırıq. Mən gələcəkdə daha böyük addımlar da gözləyirəm. Bu çıxış Güney Azərbaycan Milli Hərəkatına da böyük motivasiya olacaq. Hətta sayın Əliyevin dünənki çıxışı tarixə qeyd oldu. Bu həm Bütöv Azərbaycan siyasi mübarizə tarixi baxımından, həm də Güney Azərbaycan milli hərəkatı baxımından bir dönüm nöqtəsi olacaq”.

 

Qeyd edək ki, noyabrın 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları komitələrinin birgə iclasında Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə diqqətin artırılması üçün dövlətin vəsait ayırması ilə bağlı təkliflər də səsləndirilib.

 

Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR