Prezidentin izi ilə Qubadlı və Cəbrayılda – HANSI YENİLİKLƏR VAR? - APA TV

# 18:35
22 oktyabr 2022

İşğaldan azad edilən ərazilərin sürətli bərpası dövlət siyasətinin bir nömrəli prioritetidir. Prezident İlham Əliyevin Qubadlı və Cəbrayıla səfəri də dövlət başçısının bölgənin inkişafına göstərdiyi diqqət və qayğının göstəricisidir.    

 

APA TV prezidentin izi ilə Qubadlıda olub. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. Şəhərin baş planının əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır.   

 

Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqro-turizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.

 

Təməli prezident İlham Əliyev tərəfindən qoyulan Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır.

 

Təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan Qumlaq stansiyası Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşir.

 

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini Azərbaycan Prezidenti 2021-ci il fevralın 14-də qoyub və layihənin 2023-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.

 

“Cəbrayıl” Qovşaq Yarımstansiyasında da tikinti işləri davam edir. 4 ay əvvəl təməli qoyulan yarımstansiyada böyük həcmdə torpaq, tikinti - quraşdırma işləri görülüb, yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib.

 

Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyasında işlərin böyük hissəsi görülüb.

 

İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” Qovşaq Yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikaya 255 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək və 330 kilovoltluq “Naxçıvan” yarımstansiyası tikiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR