Putin Mirziyoyevə niyə zəng etdi? - Qaraqalpaqstanda SON VƏZİYYƏT

# 15:52
6 iyul 2022

Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. APA TV xəbər verir ki, bu barədə kremlin.ru saytı məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı gündəliyin bəzi aktual məsələləri, o cümlədən ticari-iqtisadi sahədə, habelə Rusiya-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyini daha da gücləndirmək üçün qarşılıqlı fikir mübadiləsi aparılıb. Kremlin rəsmi saytında Rusiyanın Özbəkistanla tərəfdaşlığını gücləndirilməsində maraqlı olduğu qeyd olunub. O da bildirilib ki, Kreml Özbəkistanı Qaraqalpaqstandakı vəziyyəti stabilləşdirmə istiqamətində apardığı tədbirləri dəstəkləyir. Putin və Mirziyoyev ötən ilin noyabrında Moskvada təkbətək görüşündə əldə etdikləri “razılaşmaların praktiki icrasın”dan da danışıb. Bu məlumatı isə Özbəkistan prezidentinin rəsmi saytı yayıb. “Bu ilin əvvəlindən qarşılıqlı ticarətin həcmi 35 faiz artıb. Böyük investisiya layihələri, mədəni-humanitar əməkdaşlıq proqramları davam etdirilir. Rəsmi Daşkənd ikitərəfli dialoqların və qarşılıqlı mübadilənin fəallaşdığından məmnunluq duyur”. President.uz saytında bildirilib ki, regionun gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək tədbirlər planı, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının Səmərqənddə keçiriləcək növbəti iclası çərçivəsində tədbirlər müzakirə edilib. Xatırladaq ki, iyulun 1-dən Özbəkistanın Qaraqalpaqstan muxtar vilayətində ölkə konstitusiyasına ediləcək dəyişikliyə etiraz edərək kütləvi iğtişaşlar başlayıb. Prezidentin mətbuat katibi Şerzod Asadovun mətbuata verdiyi açıqlamasına görə, yerli hakimiyyəti ələ keçirməyə göstərilən cəhd zamanı baş vermiş iğtişaşlar səbəbindən iyulun 3-də bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. İctimai asayişin və həyati təminat obyektlərinin mühafizəsi gücləndirilib, komendant saatının qüvvədə olduğu gecə saatlarında ictimai və şəxsi nəqliyyatın hərəkəti, iaşə obyektlərinin və pərakəndə satış obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Həmçinin fövqəladə vəziyyət rejimi müddətində kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Özbəkistan Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar zamanı 18 nəfər ölüb, 243 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR