Putin-Paşinyan görüşü: 30 bəndlik sənəd nədən xəbər verir?

# 19:13
20 aprel 2022

Aprelin 19-da Moskvada Rusiya prezidenti Valdimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Paşinyan Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını deyib və Qarabağda hərbi əməliyyatların dayandırılmasında Putinin rolunu xüsusi vurğulayıb. O, həmçinin Rusiyanın Qarabağda sülhməramlı missiyasının əhəmiyyətindən danışıb. Kremldən verilən məlumata görə, Paşinyanla Putin arasında danışıqların yekununda müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dair 30 bəndlik birgə bəyanat imzalanıb.

Maraqlıdır ki, Qərb səfərlərində Azərbaycanın bütövlüyünün Ermənistan tərəfindən qəbul olunduğunu deyən Paşinyan, Putinə Azərbaycan ordusunun Qarabağda ermənilərin yaşadığı ərazilərə girdiyi barədə şikayətlər edib. Ermənistan mediası yazır ki, baş nazirin regionda vəziyyətin qarışıq olduğu vaxtda Moskvaya səfəri Qərbdə xoş qarşılanmayıb.

Deputat Ceyhun Məmmədov APA TV-yə deyib ki, görüşdə delimitasiya və demarkasiya məsələlərinin vurğulanması, kommunikasiyaların açılması ilə bağlı səsləndirilən fikirlər bizim üçün önəmlidir: “Rusiya çalışır ki, bu prosesdə öz aktiv rolunu qorusun və əsas vasitəçi kimi hər zaman üstün mövqedə olsun. Bu baxımdan biz məsələlərə təmkinlə yanaşmalıyıq. Bizim üçün önəmli olan məsələ odur ki, burada artıq delimitasiya məsələsi bir daha vurğulandı, eyni zamanda kommunikasiya məsələləri bu görüşdə bir daha müzakirə mövzusu oldu. Mən bir daha inanıram ki, Ermənistan bu məsələlərin icrasını həyata keçirəcək. Çünki bu gün kommunikasiyaların açılmasında ən çox tələsən məhs Rusiyadır. İndi Rusiyanın buna ehtiyacı var”

Siyasi şərhçi Tural İsmayılov isə bildirib ki, Ermənistan hakimiyyətinin rassional kurs seçməməsi Moskvanın qəzəbinə səbəb olub və ona görə də bu görüş rəsmi İrəvanın Kremllə soyumuş münasibətlərinin düzəlməsi üçün hesablanıb. O əlavə edib ki, Paşinyanın Fransa ilə dərin əlaqələri və Qərbdə mənzillənmiş erməni lobbisi vasitəsi ilə Ermənistanda güclənən anti-Rusiya ritorikası Putini narahat edirdi: “Düşünürəm ki, Paşinyanın Moskva səfəri Rusiya ilə Ermənistan arasında müəyyən sənədlərə qol çəkilməsi əslində bir növ Rusiyanın Ermənistan hakimiyyətini gələcəkdə nələrəsə məcbur edəcəyinin təməlini qoydu. Hələ də rəsmi  Kreml, özəlliklə də Putin Nikol Paşinyana və onun komandasına güvənmir. Hətta düşünürəm ki, Ermənistan hakimiyyətinə nifrət edilir. Belə olmayacağı təqdirdə, rusiyayönümlü müxalifətin ciddi şəkildə təhrik edilməsi və qızışdırılması prosesi müşahidə edilməzdi. Rusiya bir tərəfdən özünə bağlı olan müxalifətin güclü olmağına çalışır, eyni zamanda hazırda hakimiyyətdə olan Paşinyana və komandasına  müəyyən məsələlərdə Moskvanın diqtəsini yerinə yetirmək üçün məcbur etməyə çalışır”.

Tural İsmayılov onu da əlavə edib ki, Avropa Şurasının son dövrlər Cənubi Qafqaza maraqlarının artması, Ermənistanın Qərb siyasi institutları ilə daim əlaqədə olması Rusiya elitasını da narahat edir. O bildirib ki, sadalanan səbəblərə görə, sonuncu Moskva görüşündə Paşinyan Moskva tərəfindən siyasi tənbehlərə də məruz qalıb.

Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert, rusiyalı politoloq Stanislav Tarasov isə yerli mediaya açıqlamasında bildirib ki, Şarl Mişellə danışıqlardan sonra Paşinyanın Vladimir Putinlə müzakirə edəcəyi heç nə yoxdur.

“Bu, böhranın mövcudluğundan xəbər verir. Paşinyan açıq ikili standartlar, siyasəti yürüdür. O, vəziyyəti gərginləşdirməyə doğru gedir və indiyə qədər bütün bunları niyə etdiyi və məqsədi mənə aydın deyil. O, sadəcə Ermənistanı Rusiyadan uzaqlaşdırır”.

Politoloq ATƏT-in Minsk qrupunun fəaliyyətinin Bakı və Moskva tərəfindən qəbul edilmədiyini də vurğulayaraq, İrəvanın hansı tərəfi seçəcəyinin şüphəli olduğunu deyib.

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR