Qadınlar rayon xəstəxanasına gedəndə antisanitar şəraitdə, maşında doğurlar

# 22:44
26 oktyabr 2021

Azərbaycanın şimal-qərb bölgəsində bir zamanlar insanların sağlamlığına xidmət edən Qabaqçöl qəsəbə xəstəxanası indi bərbad vəziyyətdədir.

APA TV-nin yerli bürosunun məlumatına görə, Azərbaycanın şimal - qərb qapısı sayılan Balakən rayonunun Qabaqçöl qəsəbəsi 6 yaşayış məntəqəsi özündə birləşdirir. Hazırda qəsəbədə 20 mindən çox əhali yaşayır. Bir zamanlar bölgədə əhaliyə göstərilən tibbi xidmətlərə görə seçilən Qabaqçöl qəsəbə xəstəxanası hazırda əvvəlki kimi fəaliyyət göstərə bilmir, xəstəxananın inzibati binası sıradan çıxıb.

Qabaqçöl qəsəbə sakini, Hacı Osbanovun APA TV-yə verdiyi məlumata görə, bir zamanlar qonşu Gürcüstan Respublikasından da insanlar Qabaqçöl qəsəbə xəstəxanasına üz tutardı. Lakin indi xəstəxananın binası uçub-dağılır, tibb personalı çatışmır, hazırda xəstəxanada iki həkim işləyir.

Sakinlər bildirir ki, xəstəxananın hazırkı vəziyyəti insanların əziyyət çəkməsinə səbəb olur. Onların sözlərinə görə, dəfələrlə hamilə qadınlar rayon xəstəxanasına gedərkən antisanitar şəraitdə, maşında doğuş edirlər.

Onların sözlərinə görə, Qabaqçöl qəsəbə xəstəxanada təcilli yardım maşını olmadığı üçün xəstələrin 20 kilometrdən çox məsafədə yerləşən rayon mərkəzi xəstəxanasına aparmaq insan həyatı bahasına başa gəlir. 

Sakinlər bildirir ki, xəstəxananın bərpası və ya yenidən tikilməsi üçün dəfələrlə lazımı qurumlara müraciətlər ediblər. Amma hələ ki, bir nəticə əldə edə bilməyiblər.

Qəsəbə sakini  və xəstəxananın həkimi Rəfail Qurbanovun dediyinə görə, xəstəxananın ağrılı günləri 2012-ci ilin may və oktyabr aylarında şimal-qərb bölgəsində baş verən zəlzələlərdən sonra başlayıb.  Zəlzələdə xəstəxana binası qəzalı vəziyyətə düşüb.
 

Məsələ ilə bağlı Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru  Dilbər Quliyeva ilə əlaqə yaratdıq. O,  APA TV-yə açıqlamasında  tibb müəssisənin əsaslı təmiri üçün aidiyyəti üzrə müraciət edildiyini bildirməklə kifayətləndi. 

Xəstəxana ötən əsrin 60-cı illərində tikilib. 100 çarpayılıq xəstəxana  istifadəyə verildikdən qısa müddət sonra Balakən və ətraf rayonlarda əhaliyə göstərilən tibbi xidmətlərə görə məşhurlaşıb. Xəstəxanada, cərrahiyyə, terapiya, travmatologiya, poliklinika, doğum,  təcilli yardım şöbələri və rentgen kabineti fəaliyyət göstərib.
 2010-cu ildə Qabaqçöl qəsəbə xəstəxanada çarpayı sayı 25-ə endirilib, tibbi personalın sayında ixtisarlar aparılıb.

2019-cu ildə  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nin (TƏBİB) qərarı ilə Qabaqçöl qəsəbə xəstəxanası Balakən Rayon Mərkəzi Xəstəxanasının nəzdində Ailə Sağlamlıq Mərkəzi adı ilə fəaliyyətini davam etdirib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR