Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı fətva verdi

# 16:28
9 aprel 2021

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib.

 

İdarənin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub.

 

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun imzası ilə Şeyxülislam Allahşükür Paşazadənin ünvanına daxil olan məktubun mətni oxunub.

 

Qeyd olunub ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq bu il üfüqümüzdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyi bildirilib. Bu səbəbdən Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edəcək.

 

Ramazan bayramı isə Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək.

 

Qazılar Şurası xalqımıza tövsiyə edir ki, bu əziz, mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun: “Qadir Allah doğma Azərbaycanımızı qorusun, bütün bəlalardan hifz etsin, rifah və tərəqqimizə rəvac versin! Allah oruc və namazlarınızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR