Qarabağ müharibəsi əlillərinə 4-cü nəsil protezlər verilir

# 17:41
30 dekabr 2021

Daha 62 nəfər müharibə əlilinin müasir 4-cü nəsil protezlə təminatına başlanılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 44 günlük Vətən müharibəsinə qədərki dövr ərzində hərbi əməliyyatlarda, hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanaraq əliliyi müəyyən olunmuş 62 nəfər şəxsin də yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlayıb.

 

Onlar Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həmin protezlərlə təmin edilir.

 

Təqdim olunan “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Ekspertiza Reabilitasiya Agentliyinin idarə heyəti sədr müavini Elxan Əzizov deyir ki, Birinci Qarabağ veteranları ilə yanaşı hazırda Vətən Müharibəsi iştirakçıları da yeni nəsil protezlərlə təmin olunurlar: “ƏƏSMN tərəfindən II Qarabağ müharibəsi əlillərinin də protez-ortopedik vasitələr ilə təminatı davam etdirilir. Bu gün artıq 184 nəfər müasir texnologiyalı protez vasitələri ilə təmin olunub. Həmin 184 nəfər 193 ədəd protez vasitəsi ilə təmin edilib”.

 

Qeyd edək ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsi iştirakçıları indiyə qədər 12933 ədəd müxtəlif reabilitasiya vasitəsi ilə təmin olunub.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR