Qazaxda üç ayda 700 nəfəri it dişləyib - APA TV

# 20:04
25 oktyabr 2022

Qazax rayonunda son üç ayda 700 sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

APA-nin yerli bürosunun məlumatına görə, sonuncu belə hadisə Qazax şəhərindəki küçələrdən birində baş verib. Gündüz saatlarında küçə ilə hərəkət edən yaşlı qadına sahibsiz itlər hücum edib. Yaxınlıqdakı şəxslər qadını küçə itlərinin əlindən alıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirib, tibbi yardım göstərilib.

Sakinlərin sözlərinə görə, Qazax rayonunda sahibsiz itlərin sayı günbəgün artmaqdadır. Son zamanlar it dişləməsi faktları da çoxalıb.

Hansı küncə, hansı tinə baxırsan it sürüləri gözə dəyir. Şəhərin mərkəzində uşaqların əylənməsi üçün nəzərdə tutulan yerlərin ətrafında it sürülərinin çoxalması uşaqları bu yerlərdən uzaq salıb. Yaşayış binalarının sakinləri də it sürülərinin çoxalmasından narahatdır. Sakinlər bildirir ki,  sahibsiz  itlər hətta  yuxarı mərtəbələrə  də  çıxır.

Sahibsiz itlər kiminin malına, kiminin canına qıyır.

İt dişləməsinə görə, rayon xəstəxanasına müraciət  edənlərin sayı da artıb.

Sakinlər sahibsiz itlərin artmasının səbəb kimi rayon ərazisində məişət tullantıları qablarının azlığını göstərirlər. Toplanan tullantılar həm də itlərin yem mənbəyi rolunu oynayır, nəticədə sahibsiz itlər parklarda, bağlarda kütləvi şəkildə artaraq təhlükə mənbəyinə çevrilir.

Qazax şəhər icra nümayəndəliyindən, eləcə də rayon icra hakimiyyətindən məsələ ilə  bağlı hər hansı mövqe öyrənmək istəsək də  bu  mümkün olmadı.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV,  Qazax

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR