Qazi adından kimlər istifadə edir? - VETERANLAR DANIŞIR

# 18:39
14 yanvar 2022

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.

APA TV-nin məlumatına görə, Təşkilatın sədri Fatma Səttarova dövlətin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini yad edib, Azərbaycan ordusunun bu müharibədə göstərdiyi qəhrəmanlığa diqqət çəkib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov isə bildirib ki, dövlət orqanları bütün şəhid ailələrinə, qazilərə eyni diqqətlə yanaşır. Ancaq son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər bizi narahat edir. Bəzi hallarda müxtəlif şəxslər qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir: “Əgər bir adam döyüşərək, həqiqətən veteran adını alıbsa, Vətən üçün yaralanıb, onun uğrunda döyüşübsə, o cəmiyyətə nümunə olacaq davranışlar sərgiləməlidir. Cəmiyyəti öz arxası ilə aparmağı bacarmalıdır”.

 

Vətən Müharibəsində Qubadlı və Kəlbəcər cəbhələrində döyüşən Əkbər Rəhimovun fikrincə, müharibədə iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışmasına ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslərin qanunsuz əməlləri ifşa olunmalıdır: ”Bir şəxs ki, qaziliyini bir minnət olaraq vurğulayırsa, ondan başqa hallar üçün istifadə edirsə, bu adamların heç biri mənim üçün əsl vətənpərvər deyil. Qazi olmaq qanunları pozmağa rəvac verə bilməz”.


Həmçinin qeyd olunub ki, bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə cəhdi yolverilməzdir.


Semral Cavad,

Fariz Quluyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR