Qazilər Nazirlikdə hansı avadanlıqları sıradan çıxarıb?

# 19:38
2 iyun 2022

Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) qəbul şöbəsində insident yaşanıb. Müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsinin giriş qapısını sındırıb.

 

APA TV-nin xəbərinə görə, məsələyə münasibət bildirən Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov qeyd edib ki, onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək: “Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işləri davam etdirilir. Həmin hərbçilərdən artıq 3 mininə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib. Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir. Müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısının, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da tədbirlər görüləcək".

 

Qeyd edək ki, bu gün baş verən insidentdən təxminən iki saat sonra nazirliyin qəbul şöbəsi fəaliyyətini bərpa edib və vətəndaş qəbulu iş gününə qədər davam edib.

 

Sevinc Vaqifqızı,

Ceyhun Mustafayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR