Qəbələdə istifadəyə verilən bu obyektlərdə şərait necədir?

# 19:08
10 aprel 2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub. Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, “Azərişıq” ASC-nin “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. Yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi də inşa edilib. Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Prezident İlham Əliyev tərəfindən açılışı olan 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla da təchiz olunub. Xəstəxananın həyətində geniş yaşıllıq zolağı salınıb. Ölkə başçısının açılışında iştirak etdiyi Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbi müasir standartlara cavab verir. Qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması yeni binanın inşası zərurətini yaradıb. Bum qəsəbə tam orta məktəbinin tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Məktəb binası 26 sinif otağından, kimya, fizika və biologiya laboratoriyalarından, 2 informatika kabinetindən, 2 texnologiya otağından, gənclərin çağırışaqədərki hazırlıq kabinetindən, kitabxana, 195 yerlik akt zalı, idman zalı və 80 yerlik yeməkxanadan ibarətdir. Yeni dövrün çağırışlarına uyğun olaraq, müasir məktəblərin qurulması Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Son 20 ildə Azərbaycanın mərkəzi şəhərlərindən tutmuş ən ucqar kəndlərinə qədər yaşayış məntəqələrində 3600 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Prezident İlham Əliyev Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında da iştirak edib. Dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb. Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək. Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması da regionlarımızın dinamik inkişafının bir göstəricisidir. Paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan bu yol II texniki dərəcəyə uyğun qurulur. Uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülüb. Bu çərçivədə svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlər icra olunub. Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1 asma körpü, 15 körpü layihələndirilib. Bu yol bölgədə turizmin inkişafına böyük təkan verəcək. İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR