Qərblə Rusiya arasında yeni müharibə meydanı: Kosovada vəziyyət gərginləşir

# 16:07
1 avqust 2022

Balkan yarımadasında yeni müharibə təhlükəsi yaranıb.

 

Belə ki, Kosovo hökuməti Serbiya ilə sərhəd keçidləri haqqında yeni təklifləri müzakirəyə çıxarıb. Bu isə ölkədəki serblərin etirazına səbəb olub. Onlar sərhəddəki yolları bağlayıblar.  Nəticədə ölkənin şimalında gərginlik artıb.

 

Hökumət polislərə qarşı silah işlədildiyinə görə sərhəd-keçid məntəqələrini bağlamalı olduqlarını açıqlayıb. O da bildirilib ki, etirazçılar bağlı yollardan keçən atomobillərə hücüm edib, albanları döyüblər.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdən isə məlum olur ki, serblərin məskunlaşdığı Mitrovitsa şəhərində üç saatdan çox hava hücumu ilə bağlı həyacan siqnalı verilib. NATO-nun Kosovodakı Qüvvələri isə bəyan edib ki, Kosovonun şimal bölgələrində vəziyyət “gərgindir” və “sabitliyə təhlükə yaranarsa, serblərə qarşı müdaxilə etməyə hazırdır”.

 

Serbiya prezidenti Aleksandar Vuçiç isə xalqa müraciətində deyib ki, hücum edilərsə, "Serbiya qalib gələcək".

Serbiyanı dəstəkləyən Rusiya isə vəziyyətin gərginləşməsində Kosova hökümətini ittiham edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iddia edib ki, gərginliyin artmasına Kosovo hakimiyyətinin tətbiq etdiyi əsassız ayrı-seçkilik qaydaları səbəb olub.  

Regionun digər söz sahibi Türkiyə də bu gərginlikdən narahat olduğunu bildirib. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç və Kosovo xarici işlər naziri Donika Gervalla Şvars ilə ayrı-ayrılıqda danışıb, gərginliyin azaldılması üçün Türkiyənin üzərinə düşəni etməyə hazır olduğunu bildirib.

 

Görəsən, bölgədəki gərginlik növbəti Qərb-Rusiya qarşıdırmasına çevrilə bilərmi?

Siyasi şərhçi Əziz Əlibəyli APA TV-yə bildirib ki, Serbiya prezidenti Aleksandr Vuçiçin savaş ritorikasında açıqlama verməsi Kosova ilə Serbiya arasında növbəti müharibə riskini körüklədi və vəziyyətin silahlı münaqişəyə çevrilmə ehtimallarını artırdı.

 

Rəsmi Moskvanın Serbiyanı dəstəkləməsi ilə bağlı da fikir bildirən siyasi şərhçi qeyd edib ki, bu məsələdə Ukrayna qalib gələ bilməyən Rusiya Qərb üçün yeni cəbhə aça bilər. Onun fikrincə, yaranmış vəziyyət Ukraynadan diqqəti yayındırmaq üçün Qərbin ortaya atdığı blef də ola bilər. Proseslərin müharibəyə çevrilmə ehtimalının da olduğunu qeyd edən Əziz Əlibəyli qeyd edib ki, böyük ölkələrin bu müharibədə iştirakı da istisna edilmir.

 

Qeyd edək ki, 1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsinə verilən Kosova 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib. Bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovanun müstəqilliyini tanıyıb. Ancaq dünya birliyinin bu məsələdə rəyi birmənalı deyil. Kosovanın müstəqilliyinə ilk etiraz edənlərdən biri rəsmi Bakı olub. Azərbaycan hökuməti vəziyyəti beynəlxalq hüquq normalarına zidd və qanunsuz adlandırıb.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR