QHT sədrlərindən sərt reaksiya: “CƏZALANDIRILSINLAR”

# 16:53
11 fevral 2022

Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədrinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətlərinin qarşısının alınması ilə əlaqədar toplantı keçirilib.

 

Tədbirdə çıxış edən Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli bildirib ki, BMT-də çalışan erməni əsilli şəxslər heç bir əsas olmadan həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycan dövlətinə, dövlət rəhbərinə nifrət aşılayan çıxışlar edirlər: “Biz Birləşmiş Millətlər Təşkilatının rolunu heç də kiçiltmirik. Təbii ki, narazılıqlar olanda biz bunu bildirməliyik ki, bu hallar aradan qaldırılsın. Bizi narahat edən digər bir məsələ odur ki, istənilən əməkdaş səhv edə bilər, amma həmin əməkdaş cəzalanmalıdır”.

 

Həmkarlar İttifaqının sədri  Müşfiq Ələsgərli isə bildirib ki, QHT-lər bəzi ölkələri qərəzli şəkildə qaralamaqla məşğuldurlar: “Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropanın bir sıra təşkilatları var ki, Azərbaycana qarşı fasiləsiz qərəzli mövqedən çıxış edirlər. Lakin onların əksəriyyəti Qeyri-Hökumət Təşkilatı statusunda olduqlarına görə, onlara yüksək səviyyədə cavab verilmirdi”.

 

“Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İB-nin nümayəndəsi Yusif Ağayev deyir ki, Azərbaycan Vətəndaş cəmiyyəti institutları olaraq bu cür fikirlərə qarşı öz fikrimizi ifadə edirik: “Bu gün səsləndirilən bəyanatla da Beynəlxalq dövlət qurumlarının diqqətinə çatdırmaq istəyirik ki, sizin tabeliyinizdə çalışan insanların fikirləri ziddiyyətli məkrlidir və Azərbaycanın əldə etdiyi uğurlara qarşıdır”.

 

Bəyanatda deyilib ki, bu cür əməllərlə məşğul olan şəxslərin sülhü, humanizmi təbliğ edən bir qurumda olması ağrıdıcıdır. Edilən xəbərdarlıqlara məhəl qoymayan bu insanların BMT strukturları tərəfindən cəzalandırılması və mandatlarına xitam verilməsinin vacibliyi QHT sədrləri tərəfindən diqqətə çatdırılıb. Sonda QHT sədrlərinin iştirakı ilə BMT-nin baş katibi Antonio Guterresə müraciət göndərilib.

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR