Qırğızıstan Prezidenti xalqa MÜRACİƏT ETDİ: MÜHARİBƏ BÖYÜYÜR

# 16:20
17 sentyabr 2022

Qırğızıstan-Tacikistan sərhədində silahlı qarşıdurma yenidən alovlanıb. Baş verən toqquşmalarda 24 nəfər ölüb, xəsarət alan vətəndaşların sayı isə 120-dən çoxdur.

 

APA TV xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Sitat: "Əməliyyat məlumatlarına əsasən, 24 nəfərin meyiti Batken vilayətinin səhiyyə qurumlarına daxil olub. 120-dən çox yaralı var, 5-i ambulator müalicəyə göndərilib və zərərçəkənlərin əsasən bədənin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları var". Sitatın sonu

 

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Tacikistan silahlı qüvvələri Qırğızıstanla sərhəddə tanklardan və artilleriya vasitələrindən istifadə edib.

 

Qırğızıstan silahlı qüvvələrinə məxsus çox saydı tankların Batken vilayəti istiqamətində hərəkət etdiyi bildirilir.

 

Daha bir videoda isə Qırğız silahlı qüvvələrinə məxsus Rusiya istehsallı "Tiqr-M" zirehli avtomobilin Tacikistan hərbçiləri tərəfindən ələ keçirildiyi əks olunub. Sosial şəbəkələrin Tacikistan seqmentində isə Qırğızıstan ərazisindəki inzibati binalardan birində Tacikistan bayrağının asıldığı ilə bağlı videolar paylaşılıb.

 

Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki vəziyyətlə bağlı xalqa müraciət də edib. Müraciətdə prezident toqquşmalar zamanı həlak olan hərbçilərin ailələrinə başsağlığı verib. O, sərhəddə insident hallarının delimitasiya prosesinin başa çatmamasında qaynaqlandığını əlavə edib.

 

“Sərhəd problemi yoluna qoyulmayıb, ona görə toqquşmalar baş verir. Əcdadlarımızdan bizə qalan torpaqların bir qarışını da verən deyilik”, - deyə Qırğızıstan prezidenti bildirib.

 

Tacikistan Daxili İşlər Nazirliyinin məlumatına görə Qırğızıstan silahlıları tərəfindən Çorkux, Vorux və Çorkışlak yaşayış məntəqələri, ictimai və şəxsi nəqliyyat vasitələri atəşə tutulub.

 

Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi bildirib ki, Qırğızıstan Silahlı Qüvvələri gücləndirici və əlavə texnikalarla sərhədə yaxınlaşır, həmçinin döyüş mövqelərini gücləndirir.

 

Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində gərginlik sentyabrın 14-də başlayıb. Atəşkəslə bağlı razılığa gəlinsə də, toqquşmalar sentyabrın 16-da axşam saatlarından yenidən qızışıb.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR