Qırmızı dənizin dibi aralanıb - Yeraltı piltə tərsinə hərəkət etməyə başlayıb

# 18:52
8 fevral 2023

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda bu il fevralın 6-da “Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr” mövzusuna həsr olunmuş Ümumrespublika elmi seminarı keçirilib.

Seminarda akademik Fəxrəddin Qədirov bildirib ki, son 20 ildə yer ən aktiv dövrünü yaşayır.

Onun sözlərinə görə, Afrika piltəsinin aktivləşməsi Ərəb piltəsinin də aktivləşməsinə səbəb olub.

“Nəticədə də biz, bölgədə belə zəlzələlərin şahidi oluruq və görünür ki, hələ davam edəcək. Türkiyədə baş verən zəlzələlərdən sonra afterşoklar hələ də davam edir. Düzdür, zəlzələnin baş verəcəyi vaxtı proqnozlaşdırmaq mümkün deyil, amma onunla yaşamağı öyrənməliyik. Hesab edirik ki, Xoyda olan zəlzələ də Ərəb piltəsindəki aktivləşmənin nəticəsi idi” – deyə akademik bildirib.

Fəxrəddin Qədirov Türkiyədəki zəlzələnin süni yaradılması ilə bağlı ehtimalları da rədd edib.

O bildirib ki, güclü zəlzələnin baş vermə səbəbi kimi səsləndirilən bu cür fikirlərin heç bir elmi əsası yoxdur.

Sonda isə akademik əlavə edib ki, son illərdə yerin aktivliyinin artmasına səbəb Qırmızı dənizin dibində aralanmanın baş verməsidir.

Bunun nəticəsində Ərəbistan piltəsinin alt hissəsi daha sürətlə hərəkət edir. Bu hərəkət nəticəsində saat əqrəbinin əksi istiqamətində dönməyə və irəliləməyə çalışır. Bu dönmə və irəliləmə prosesi Kahramanmaraşdakı zəlzələ zonasının yaxınlığında olub. Proses nəticəsində yeni qırılma əmələ gəlib, zəlzələ kimi müşahidə edilib. Birinci qırılmadan sonra böyük bir kütlə 3 metr hərəkət edib, ardınca ikinci qırılma olub. Bu zaman Anadolu piltəsi də cənuba doğru hərəkət edib. O bildirib ki, uzun illər idi belə bir katastrofik zəlzələnin olacağı ehtimal edilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR