Qırmızı diplom niyə işə yaramır? – APA TV

# 23:22
31 may 2023

Azərbaycanın ali təhsil müsəssisələri məzunlara iki növ diplom təqdim edir. Universiteti fərqlənmə ilə bitirirənlər qırmızı, digərləri isə göy diplom alırlar. Təhsil Nazirliyindən bildirilir ki, qırmızı diplom məzunun tələbə olduğu müddətdə çalışqanlığının, işgüzarlığının, məsuliyyətinin və s. üstün keyfiyyətlərinin göstəricisidir. Bu üstünlüklər gələcəkdə əmək bazarına daxil olarkən məzunun işəgötürən tərəfindən ilkin qiymətləndirilməsi zamanı istifadə oluna bilər. Ancaq istifadə olunurmu? Xeyr. Təhsil eksperti Kamran Əsədov da təsdiqləyir ki, işə qəbul zamanı diplomun rəngi nəzərə alınmır. Yəni pedaqoji ixtisasları fərqlənmə ilə bitirib orta məktəbə müəllim kimi işə qəbul olanlar fəaliyyətə 3 illik stajı varmış kimi başlayırlar. Bu da onların əmək haqlarına müsbət təsir göstərir. İşə qəbul prosesində isə qırmızı diplom önəm daşımır. Üstəlik, əksər peşələrdə işə qəbuldan sonra da diplomun rəngi xüsusi üstünlük qazandırmır. Elə qırmızı diplom alan tələbələr də rəngin önəmsiz olduğunu deyirlər. Kamran Əsədov bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində diplomlar rənginə görə deyil, bala, GPA göstəricilərinə görə müəyyən olunur. O həmçinin qeyd edib ki, Azərbaycanda diplomların verilmə qaydaları ədalətli deyil və kənar müdaxilələr var. Ekspert bildirir ki, qırmızı diplomun alınması üçün kənardan biliyin qiymətləndirilməsi tətbiq edilərsə, həmin ali təhsil müəssisəsinin verdiyi fərqlənmə diplomları ədalətli və uğurlu olar. Xatırladaq ki, bu yaxınlarda sözügedən problemlə bağlı elm və təhsil naziri Emin Əmrullayev də mövqeyini bildirmişdi. Nazir vurğulamışdı ki, əslində qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması haqlı təklifidir. Lakin güzəşt doğru və dürüst olmalıdır. Qırmızı diplom bilik və bacarığı təsdiq edirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman hansısa güzəştin edilməsi düzgün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR