Quba, Neftçala, Slayan, Zərdab və Sumqayıtdan olan şəhidlərimiz dəfn olundu

# 13:36
14 sentyabr 2022

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, MAXE Ümid İlqar oğlu Həsənov dəfn olunub.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, şəhidin nəşi Quba rayonuna gətirilib.

 

O, rayonun İsnovqışlaq kəndində torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

 

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Neftçala rayonunun Bankə qəsəbə sakini, 2003-cü il təvəllüdlü əsgər Fətullayev Rafail Rüfət oğlu Bankə qəsəbəsində dəfn olunub.

 

Bu barədə APA TV-nin Mil-Muğan bürosu məlumat verib.

 

Salyan rayonunun Qızılağac kənd sakini, 26 yaşlı MAXE Elmi Səmədov Mirzəli oğlu Salyanın Alçalı kəndində torpağa tapşırılıb.

 

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu, Zərdab rayonunun Kəndəbil kənd sakini, 1992-ci il təvəllüdlü gizir Fərid Nofər oğlu Rüstəmov son mənzilə yola salınıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin nəşi doğulduğu Zərdab rayonunun Kəndəbil kəndinə gətirilib və böyük izdihamla qarşılanıb. Vida mərasimində hərbiçilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin ruhuna dualar oxunduqdan sonra o, kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Şəhid olan 19 yaşlı Bəxtiyar Muradov Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunub.

 

Dəfn mərasimində ailə üzvləri ilə yanaşı şəhər rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbiçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Qeyd edək ki, şəhidimiz 1 ilin əsgəri və evin tək oğlu idi. 3 gün bundan qabaq məzuniyyəti bitirib yenidən ön xəttə xidmətə qayıdıbmış.

 

Rizvan Hacıyev, Zahid Abışov, Əlibəy Zeynallı, Ramil Zeynalov, APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR