Qubadlının azad olunması əməliyyatında iki önəmli məqam

# 18:01
26 oktyabr 2021

Düz bir il əvvəl Müzəffər Azərbaycan Ordusu Qubadlını düşmən işğalından azad etdi. Artıq 25 oktyabr tarixi Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb.       Qubadlının azad edilməsi müharibənin taleyində mühüm rol oynadı. Azərbaycan ordusunun qarşısında aciz qalan düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək geri çəkildi. Bununla da silahlı qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başladı.

 

Hərbi ekspert  Ruslan İmamquliyev sözlərinə görə,  Azərbaycan silahlı qüvvələrin hərəkət marşrutlarına baxanda ordunun eyni anda bir neçə istiqamətdə əks hücum əməliyyatlarını həyata keçirdiyini görürük: “Şimaldan Murov dağı silsiləsindən, Şərq-qərb istiqamətində Füzuli və Cənubdan Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətində hərbi əməliyyatlar davam edirdi. Qubadlı azad olunanda düşmən bir təşviş içərisində idi. Çünki Qubadlının azad olunması ilə Gorusa, Qərbi Zəngəzura açılan bir yol – qapını açmış oldular. Daha da irəliləyən günlərdə bir şahidi olduq ki, Laçının bir sıra kəndlərinin azad edilməsi, xüsusilə də Laçın koridorunun azad olunması ilə biz Şuşanın azad olunmasının şahidi olacaqdıq. Azərbaycan ordusu Laçın dəhlizini, Gorus yolunu bağlamaqla eyni zamanda 132 km-lik cənub sərhədini nəzarətdə tutulması da müharibənin taleyində ciddi rol oynadı”.

 

Azərbaycan ordusunun Qubadlıya girişi Balasoltanlı kəndindən olub. Düşmən bu istiqamətdə bütün infrastrukturu dağıdıb ərazini minalasa da, güclü Azərbaycan Ordusu uca dağ zirvələrindən, çaylardan, dərələrdən keçərək düşməni qovmağı bacardı. 

 

Ekspert deyir ki, düşmənin istehkam qurğuları Şimaldan cənuba doğru uzanırdı: “Rayonların dərinliklərində istehkam qurğuları nisbətən az idi çünki, ərazinin reylefinə baxanda görərik ki, buna ehtiyac yoxdur çünki həmin dağlar özləri istehkamdır. Bu əməliyyatların gedişində düşmən dərinliklərinə sıza bilən hazırlıqlı piyada qoşunları ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələrin əməliyyatları icra etməsi, hava üstünlüyünün əldə olunması hansı ki, burda gedən döyüşlərin ilk günlərindən biz düşmənin uzaqgörən radar sistemini sıradan çıxarmışdıq. Bundan sonra pilotsuz uçuş aparatları ilə düşmənin ən arxa bölgələrində olan diviziya ehtiyatlarını da sıradan çıxarmış olduq”

 

44 günlük Vətən Müharibəsinin gedişatına hərb nəzəriyyəsi ilə baxılsa, görərik ki, burada bir neçə mərhələli döyüşlər həyata keçirildi.

Birinci mərhələdə döyüşə yüksək texnoloji vasitələr cəlb olundu. Bununla da döyüşlərin ilk günündən düşmənin hava hücumundan müdafiə qüvvələri və radar sistemi sıradan çıxarıldı. İkinci önəmli məqam dəqiq kəşfiyyat məlumatlarının əldə edilməsi idi. Məhz bunun nəticəsində düşmən texnika və canlı qüvvələrinə yüksək peşəkarlıqla dəqiq zərbələr endirildi. Artıq müharibə geridə qalıb.

 

 

Ancaq ekspert hesab edir ki, post müharibə dövründə görüləcək işlər elə müharibə dönəmində gedən proseslər qədər vacibdir: “Artıq Zəngilanda ağıllı kənd layihəsi tikilib. Ağıllı kənd varsa o zaman ağıllı müdafiə sistemi də yaradılmalıdır. Bu ağıllı müdafiə sistemləri Azərbaycan dövlət sərhədlərinin qorunmasında ciddi önəm daşıyır. Bu ərazilərdə artıq sıradan patrul sisteminin tətbiqi deyil daha ciddi işlər-yüksək texnoloji sistemlərin cəlb edilməsi, kamera sistemlərinin tətbiqi, əvvəlcədən düşmən haqqında gərəkli məlumatları əldə edilə bilən elektron kəşfiyyat sistemlərinin tənzimlənməsi ilə bu həyata keçirilə bilər ki hazırda bu istiqamətdə də ciddi işlər aparılır. Bu işlər həm bölgədə xidmət edən personalın məişət şəraitinin yaxşılaşdırılması, onların ən az zərər görərək düşmən qarşısında təhlükəsizliyi təmin edə bilmə imkan və qabiliyyətini artırmaq istiqamətində atılan addımlardır”.

 

Onu da deyək ki, işğal olunmuş torpaqlarımızın hər qarışının azad edilməsi və bütövlükdə 44 günlük Vətən Müharibəsi bir daha Azərbaycan xalqının həmrəyliyini və güc birliyini nümayiş etdirdi. Müzəffər ordumuzun hər bir üzvünün, şəhidlərimizin qanı-canı bahasına bu gün Qubadlı işğaldan azaddır, bu torpaqlarda indi öz tarixi sahibləri addımlayır.

 

İlahə Vəliyeva Faiq Həsənov APA TV 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR