Qubanın ağ alması bol, qiyməti də ucuz

# 14:43
8 oktyabr 2022

Qubanın alma bağlarında məhsul yığımının qızğın çağıdır. Təsərrüfatçılar sentyabrın ikinci ongünlüyündən kütləvi yığıma başlayıblar. Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün qüvvələrini səfərbər ediblər. Toplanan məhsul ilkin mərhələdə elə bağlarda çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Toplanan meyvənin müəyyən hissəsi isə satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir. Hazırda almanın bağlardan topdansatış qiyməti 40-50 qəpik arasında dəyişir. Bu da fermerləri qane etmir. Qubada alma yığımına bütün ətraf rayonlardan işçi qüvvəsi cəlb olunur. Günəmuzd işçilər almanın bir yeşiyini 70-90 qəpiyə toplayırlar. Mövsümdə işçi tapmaq da sahibkarlar üçün çətindir. Bəs görəsən fermerlərin işçiyə 70-90 qəpik verib yığdırıb, 50 qəpiyə satdığı alma Bakıya gəlib çatanda müştəriyə hansı qiymətə təklif olunur? Elə bu sualla vətəndaşlara müraciət etdik. Cavablar isə müxtəlif oldu, qiymətdən razı qalan da, narazı olan da... Satıcılar isə bildirir ki, almanın qiyməti həm onun keyfiyyətindən, həm də neçə nəfərin əlindən keçməsindən asılı olaraq yuxarı da ola bilər, aşağı da. Bazar-dükanda gəzdikcə qiymətlərin 3-4 manat olduğu yerlər də gözümüzə dəydi. Kameramızı görən bəzi satıcılar qiyməti dəyişdi, bəziləri isə gizlətdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR