Rusiyalı ekspert: “İşğaldan azad edilmiş ərazilər Azərbaycanın cənnətinə çevriləcək”

# 22:13
1 may 2021

Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarağacı qəbiristanlığında Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət ediblər.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, nümayəndə heyətinin üzvləri burada dağıdılmış məzarlara baxıblar, erməni vəhşiliyi ilə bir daha tanış olublar.

Ağdamda səfərdə olan Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib ki, bu yaraları sağaltmaq, Azərbaycan şəhərlərini, yaşayış məntəqələrini bərpa etmək üçün uzun müddət, on illər lazımdır:

 

“Biz əminik ki, müəyyən zaman ərzində işğaldan azad edilmiş ərazilər Azərbaycanın cənnətinə çevriləcək. Azərbaycan xalqı çox zəhmətsevər, dözümlü, səbrli xalqdır, dağıntıları bərpa edəcək. Bərpa edilən şəhərlər, bərpa olunan Qarabağ ölkəsinin suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həyatını qurban verən azərbaycanlıların xatirəsinə ən yaxşı abidə olacaq”.

 

Korotçenko deyib ki, Azərbaycan Ordusu çox yaxşı hazırlanmış düşmənə qarşı vuruşub:

 

“Hərbi nöqteyi-nəzərdən “Dəmir yumruq” əməliyyatı yüksək texnologiyalara əsaslanmış  21-ci əsrin hərbi əməliyyatıdır. Bu düşmən demək olar ki, 30 il ərzində bir neçə müdafiə xətti yaradıb. İrəvanda bu müdafiə xəttini Azərbaycan Silahlı Qüvvələri üçün keçilməz hesab edirdilər. Ancaq biz yeni nümunə, 21-ci əsrin yeni texnoloji müharibəsini gördük. Azərbaycan Ordusu 21-ci əsrdə bu möhtəşəm qələbəni qazanmağa nail oldu. Bu gün “Dəmir yumruq” əməliyyatı dünyanın müxtəlif ölkələrinin hərbi akademiyalarında öyrənilir. ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Ərəb dünyası bu hərbi əməliyyatı öyrənir. Azərbaycanın müasir silahlar tətbiq etdiyi “Dəmir yumruq” əməliyyatının analoqu yoxdur.”

Rusiyadan olan deputatlar və ekspertlər Ağdama səfər çərçivəsində Şahbulaq qalasında olublar. Qonaqlar qalanı gəzib, ərazi ilə tanış olublar. 

Onlara ermənilərin ərazini işğalda saxladığı müddətdə apardıqları qeyri-qanuni tikinti işləri ilə Şahbulaq qalasının tarixiliyinə xələl gətirdiyi, Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdaraq qarət etdikləri barədə məlumat verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR