Ruslan Əliyev: “Abonentlərin şikayəti əməkdaşlarımızın işini düzgün icra etməməsindən qaynaqlanır”

# 21:24
13 noyabr 2021

Bəllidir ki, bu gün ölkəmizdə mavi yanacaq üzünə həsrət qalan kəndlərimiz var. Gözlə görünən kəndə bələdçi lazım deyil. Əsasən də Cənub və Aran bölgəsinin ucqar dağ kəndlərinə.

 

APA TV xəbər verir ki, xüsusilə qış aylarında məlum problem özünü bu bölgələrin ucqar dağ kəndlərində özünü daha qabarıq şəkildə büruzə verir. Məlum, qızınmaq üçün  alternativ variantlar var. Amma və lakin bunlar, mavi yanacağın yerini vermir. Çünki sakinlərə olduqca baha başa gəlir. Maraqlıdır, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi nə düşünür?

 

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyir ki, 900-ə yaxın yaşayış massivimiz var ki, qazlaşdırılmayıb: “Yaxın illərdə 500 yaşayış massivinin qazlaşdırılması gözlənilir. Amma digər 400 yaşayış massivinin isə qazlaşdırılması müəyyən zaman ala bilər. Çünki iqtisadi cəhətdən sərfəli deyil. Alternativ yanacaqla bağlı da bu yol xəritəsində qeyd edilib. Bununla Energetika nazirliyi məşğuldur. Yəni qazlaşma iqtisadi tərəfdən mümkünü olmadığı üçün digər alternativ yanacaqla təminatı nəzərdə tutulub”.

 

Baş direktor abonentlərin ən çox şikayət etdiyi məsələləri də açıqlayıb. Onun sözlərinə görə, şikayətlər arasında “Azəriqaz” İstehsalat Birliyinin bəzi əməkdaşlarının abonentlərlə qeyri-etik hərəkəti də yer alıb: “Şikayətlərin əsas mahiyyəti qaz təchizatı ilə təmin olunma, sayğacların dəyişdirilməsi, cərimələr və hər hansısa bir əməkdaşımızın qeyri-etik hərəkəti təşkil edir.  “Açıq mikrafon” layihəsinin reallaşması həmkarlarımızın haradasa yol verdiyi qanunsuz hərəkətlərin aydınlaşması baxımından da vacibdir. Çünki vətəndaş tərəfindən hər hansısa bir əməkdaşımızla bağlı şikayət daxil olduqda, bu bizim tərəfdən böyük qınaqla qarşılanacaq və həmin əməkdaş qanun çərçivəsində tərəfimizdən cəzalanacaq. Bu baxımdan da onlar öz işlərində məsuliyyətlərini ikiqat artırmış olacaqlar. Bu günə kimi hətta qanunsuz addım atan bəzi əməkdaşlar işdən çıxarılıblar. Mən bizə daxil olan müraciətlərə abonent tərəfindən baxdığım üçün hesab edirəm ki, bütün müraciət edən şəxslər haqlıdır. Əgər hər hansısa bir abonent bu şikayəti edirsə deməli “Azəriqaz” İstehsalat Birliyinin hansısa əməkdaşı yerində işini düzgün qurmayıb”.

 

Hazırda mavi yanacağın olmadığı ərazilərin Birliyin daxili imkanları hesabına qazlaşdırıldığını deyən Ruslan Əliyev əlavə etdi ki, 2022-ci ilin də planı artıq SOCAR tərəfindən təsdiq olunub: “Biz 500 mindən artıq sayğac dəyişmişik. Bununla yanaşı 6000 kilometrə yaxın xətləri yenidən təmir etmişik. Ümumiyyətlə qazpaylayıcı şkafların yenilənməsi, siyirtmələrin quraşdırılması kimi işlər payız-qış mövsümü və təmir-tikinti panları əsasında qrafik üzrə bu proses bizdə daima həyata keçirilir. Yaxın 10 ildə “Azəriqaz” İstehsalat Birliyinin itkisi 6 dəfədən çox düşüb. Bu ilin sonuna kimi biz artıq 7 % itki gözləyirik. İtkinin azaldılması satışımızın artmasına və iqtisadi göstəricilərimizin yaxşılaşmasına səbəb olub. Dünyanın bir çox ölkəsində itki faizi 5-6 % nəzərdə tutulursa, biz artıq 7 %-ə yaxınlaşırıq”.

 

Müsahibimiz onu da əlavə etdi ki, 2022-ci ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 110 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bunların içində ən ucqar kəndlər və genişlənmiş yaşayış massivləri də var.

 

 

Aytən Sakitqızı,

Kamran Namazov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR