Sabirabad sakininin evi qəsdən yandırılıb?

# 11:26
1 yanvar 2022

Evinin yandırıldığını iddia edən Sabirabad sakini 6 ay keçməsinə baxmayaraq, hadisənin kim tərəfindən törədildiyinin tapılmamasından şikayətçidir.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 2021-ci ilin avqust ayının 14-də gecə saat 3 radələrində Sabirabad rayonunun Zəngənə kəndində yaşayan 31 yaşlı Təvəkkülov Rafət Sabir oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. Yanğın zamanı evdə Rafət, onun 31 yaşlı həyat yoldaşı İsgəndərova Məleykə, iki azyaşlı övladları - 9 yaşlı Sabir və 6 yaşlı Həzrət yuxuda olublar. Yanğından xəbər tutan ailə xilas ola bilsə də, yaşadıqları ev əşyalarla birgə tamamilə yanıb. 6 yaşlı Həzrəti son anda atası  xilas edib. Bu zaman özü tüstüdən zəhərlənib.

Təvəkkülovlar ailəsinin iddiasına görə, evləri kənar şəxslər tərəfindən qəsdən yandırılıb. Evin qəsdən yandırılması barədə ekspertiza rəyi də çıxarılıb. Ailə üzvləri polisə evin yandırılmasında şübhələndikləri şəxslərin adını da veriblər. Zərərçəkən Rafət Təvəkkülov deyir ki, gecə saat 3-də yatdığımız yerdə evi yandırdılar, autizm xəstəsi olan uşağımı evdən güclə çıxartdım: “Qaynıma zəng edib deyib ki, sənin yeznən sənədə qol çəksə evlərini yandıracağam. Qaynım da bunu mənə demişdi. Gecə saat 3-də yatdığımız yerdə evi yandırdı, autizm xəstəsi olan uşağımı evdən güclə çıxartdım. Bizi diri-diri yandırmaq istəyirdi. Gecə saat 3-də odu vurub, özü də “tok” yox, qaz yox, odu vurub yandırıb. Biz çölə çıxanda benzin iyi gəlirdi. Benzin iyindən bildik ki, yandırıblar evi. Sonradan yanğınsöndürənlər gəldi söndürdülər. Polis şöbəsinə ərizə verdik. Şöbədə bizim işimiz aparan Anar və İlqar müəllim axşam saat 9-da zəng edib bizə dedilər ki, cinayətkarı tapmışıq. Dedik kimdir adın de, dedilər ki, Kamran. Səhər tezdən getdik şöbəyə. Səhər bizə başqa şey dedilər. İlqar müəllim bildirdi ki, yorğun olmuşam, nə isə onu demişəm. “

Zərərçəkən Məleykə İsgəndərova isə bildirir ki, şübhəli şəxslərdən biri Elnarə Babayevadır: “Qardaşıma zəng vurub demişdi ki, onları diri-diri yandıracağam. Nə isə bizim əksimizə gedirlər. 3 min manat Kamran da, Elnarə Babayeva (Məleykənin bacısı) adlı biri də təklif ediblər bizə. Elnarə də şübhəli şəxsdən biridir. Gündüz biz televizor almağa getmişdik. Əgər onların bizi öldürmək fikir olmasaydı evi gündüz də yandıra bilərdilər. Yatmış vəziyyətdə yandırdılar ki, biz də yanıb ölək. Yanğın ot tayasından başlayıb. Alovu ora atıblar. Biz yuxudan duranda ora yanırdı. Sadəcə su motoru var idi, kanalda hazır vəziyyətdə idi qoşub söndürmək olardı. Onu da sıradan çıxartmışdılar ki, yanğını söndürə bilməyək. Ekspertiza bildirdi ki, kənardan atılmış od mənbəyi ilə ev yandırılıb. Arzu adlı şahidim var idi. Onun tayasını yandırandan sonra şahidlikdən imtina etdi. Dedi ki, qorxuram evimi yandıralar.”

Məleykə xanım bildirdi ki, yaşadıqları həyət atasına məxsus olub. Atası sağlığında həyəti iki yerə bölüb. Yarısını Elnarə adlı qızına, yaşadığı həyətin bir hissəsini də Məleykəyə verib. Atası vəfat edəndən sonra həyət üstündə Məleykə və Elnarə arasında mübahisə düşüb. Ailə iddia edir ki, Kamran və Elnarə evin yandırılmasında əlbirdirlər. Məleykənin qardaşı Anar İsgəndərov isə deyir ki, fermer Kamran Şirinli ona zəng edərək evi yandıracağını deyib, hədə-qorxu gəlib: “Ekspertiza rəyi oldu, ev qəsdən yandırılıb. Qəsdən yandırılması barədə sənəd də var. Bizi dəfələrlə polis şöbəsinə çağırıblar, getmişik guya araşdırıblar. Ortada barışıq söhbəti olub. Guya barışdıraq. Sonucu dəfə cinayət axtarış şöbəsinin rəisi bizə dedi ki, sizinlə biz açıq danışırıq yəni biz cinayətkarı tapa bilmirik. Bu variantda həmin bu şübhələndiyiniz şəxslər ki, var - Kamran adlı, bizə köməklik etmək istəyir. Amma biz faktiki olaraq bu adamdan şübhələnirik. Kamran bizə 3 min manat köməklik etmək istəyir.”

Təvəkkülovlar ailəsinin yanğını törətməsindən şübhələndikləri Kamran Şirinli kameramıza danışmaq istəməsə də, yanğının törədilməsində onun heç bir iştirakı olmadığını söylədi. Kamran Şirinlinin sözlərinə görə, aralarında  müəyyən söz-söhbətlər olsa da, onun qəsdən yanğın törətməsinə heç bir əsası olmayıb. O bildirdi ki, əvvəllər Rafətin öz işçisi olduğunu nəzərə alıb kömək etmək də istəyib. Onun sözlərinə görə, polisə getdiyi vaxt cibində olan 700 manatın 200-300 manatını onlara vermək istəyib. Amma 3 min manat təklif etməyib.

DİN-in əməkdaşı Nizam Həmidov deyir ki, evin qəsdən yandırılması barədə Sabirabad rayon Polis Şöbəsi tərəfindən cinayət işi qaldırılıb: “Baş verən yanğın hadisəsi ilə bağlı Sabirabad rayon polis şöbəsinin (RPŞ) İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır. Yanğını törədən şəxs və ya şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.”

Hazırda 2 xəstə azyaşlı uşaq, onurğa problemli ailə başçısı və xanımı Sabirabad şəhərində kirayədə yaşayırlar. Ailənin demək olar ki, gəlir yeri yoxdur.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR