Sabirabadlı qardaşlar 25 ildir sənədsiz yaşayırlar

# 17:45
31 may 2022

Sabirabadın Çiçəkli kənd sakinləri Emin və Elvin Rəfiyev qardaşları 25 ildən çoxdur ki, sənədsiz yaşayırlar.

APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, köçəri həyat yaşayan Rəfiyevlər ailəsində 4 uşaq dünyaya göz açıb. Əhməd və Səadət Rəfiyevlərin birgə nikahından  iki qız övladı və iki oğlan doğulub. Ailə həyatı quran qızların sənədləri olsa da, 27 yaşlı Elvinin və 26 yaşlı Eminin doğum haqqında şəhadətnamələri yoxdur. Hal-hazırda  fermer təsərrüfatlarından  birində yaşayan və çalışan 1995-ci il təvəllüdlü Rəfiyev Elvin Əhməd oğlu və 1996-cı il təvəllüdlü Rəfiyev Emin Əhməd oğlunun anadan olduqları tarixdən doğum haqqında şəhadətnamələri olmadığından qeydiyyatları da yoxdur.

Bu illər ərzində qardaşlar məktəbə getməyiblər. Aciz durumda olan iki qardaş yalnız şifahi şəkildə müraciətlər etdiyindən problemin həllini tapa bilməyiblər. Onlar deyir ki, kimə və necə müraciət edəcəklərini bilmirlər.

Problemin həlli üçün məsələnin hüquqi tərəfini araşdırdıq. Hüquqşünas Asimə Nəsirli bildirdi ki, sənədlərin alınması üçün bir sıra hərəkətlər həyata keçirilməlidir.

Hüquqşünas onu da qeyd etdi ki, Azərbaycanın da qoşulduğu  BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “Vətəndaşsızlığa son” kompaniyası çərçivəsində hər iki qardaşa məhkəməyə müraciət etmək və digər sənədləşmə məsələlərinin həlli istiqamətində təmənnasız yardım ediləcək. BMT-nin qaçqınlar üzrə Ali komissarlığının Bakı nümayəndəliyinin "Hüquqi yardım" proqramı çərçivəsində həmin şəxslərin sənədlərinin alınmasında hüquqi və maddi yardım göstəriləcək.

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR