Şagirdlər niyə məktəbə qorxa-qorxa gedir?

# 15:42
16 fevral 2022

Neftçalanın Bankə qəsəbə Əbülfəz Cəfərov adına 1 saylı tam orta məktəbin az qala yarım əsr yaşı var.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, 1976-cı ildə inşa edilən məktəb tikildiyi vaxtdan indiyə kimi heç vaxt təmir edilməyib. Nə övladlarını bu məktəbə göndərən valideynlər, nə də müəllimlər kamera qarşısında danışmaq istəməsələr də bir ağızdan dedilər ki, məktəbin divarları, tavanı, döşəmələri, sinif otaqları özü  sizlər üçün hər şeyi “danışacaq”.  Şagirdlər isə deyir ki, dərsdə qorxa-qorxa otururlar.

Məktəbin fasadından tutmuş sinif otaqlarına kimi bütün gördüyümüz nə var idisə bizi dəhşətə gətirdi. Dəhlizlər, tavanlar, döşəmələr bərbad vəziyyətdə, pəncərələrdə şüşə yox. Şagirdlər deyir ki, yağış yağanda tavanlardan su sel kimi axır.

 

Neftçala rayon təhsil şöbəsinin müdiri Vüqar Dadaşov məktəbin qəzalı vəziyyətdə olduğundan xəbərdar olduqlarını və təhsil müəssisəsinin təmiri və inşasının təhsil şöbəsinin imkanları xaricində olduğunu bildirdi.

 

Qeyd edək ki, Neftçalanın Bankə qəsəbəsinin əhalisi təxminən 7 min nəfərdir. Qəsəbədə iki məktəb fəaliyyət göstərir. Əbülfəz Cəfərov adına 1 saylı tam orta məktəb  və Səməd Vurğun adına 2 saylı tam orta məktəb. Sonuncu məktəb sökülərək yerində 420 şagird yerlik müasir məktəb tikilsə də, 1 sayalı məktəbin vəziyyəti ürək ağrıdır. 1176 şagird yerlik olsa da hazırda məktəbdə 500-dən çox şagird təhsil alır. Üstəlik istifadəyə verilməyən yeni 2 saylı tam orta məktəbin şagirdləri də bu məktəbə köçürülüb.

 

Əibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR