Şagirdləri tura aparan avtobuslar niyə qəza törədir? - SƏBƏBLƏR

# 21:57
13 iyun 2022

279 saylı məktəbin şagirdlərini tura aparan avtobus 13 iyun tarixində, gecə saatlarında, Bakı-Şamaxı yolunda qəzaya düşdü.

Hadisəsi nəticəsində 10 nəfərdən çox şagird və müəllim xəsarət aldı. Sosial şəbəkələrdə iddia edildi ki, avtobus sürücüsü naşı olub, hadisə də məhz onun təcrübəsizliyi nəticəsində baş verib.

Bir müddət öncə də Şəki ərazisində başqa bir tur avtobusu qəza törətmiş, çox sayda insan yaralanmışdı.

Hər iki hadisə cəmiyyətdə çox ciddi sualların yaranmasına səbəb oldu.

Tur şirkətləri avtobus və sürücüləri necə seçirlər? Əslində mövcud qaydalar və qanunvericilik nələri tələb edir? Daha böyük faciələrlə rastlaşmamaq üçün nələrə diqqət etməliyik?

Suallarımıza cavab tapmaq üçün illərdir ölkədə turlar təşkil edən şirkətlərdən biri ilə əlaqə saxladıq. Şirkət rəhbəri Mirsaleh Babaşlı deyir ki, indiki dövrdə hər hansı sosial şəbəkədə səhifə açan dırnaqarası tur şirkətləri avtobusun texniki vəziyyətinə və sürücünün təcrübəsinə demək olar ki, baxmırlar. Lakin nəqliyyat məsələsi tur şirkətlərinin vizit kartı olmalıdır: “Sürücülük qabiliyyəti, stajı, sürücülük vəsiqəsi, stressə dözümlülüyü yoxlanmalıdır. Bunlar yoxlanıldıqdan sonra avtobusu sürməyə icazə verilməlidir”.

Mirsaleh Babaşlının sözlərinə görə, Bakıdan avtobusla uzaq bir yerə gedərkən iki avtobus sürücüsü olmalıdır. Lakin bu hal Bakıdan Qubaya və ya bu kimi yaxın rayonlara şamil edilmir.


Sürücü yolları yaxşı tanımasa belə tur rəhbəri ona yola izah etməlidir. Gediləcək marşrutda yolun sürüşkən olub-olmaması və başqa nüanslar da nəzərə alınmalıdır ki, sonradan bu cür xoşagəlməz hallar yaşanmasın.


Baş Dövlət Yol Polisinin rəsmisi Rövşən Tağıyev isə deyir ki, dövlətdən lisenziya almış tur şirkətləri öz avtobuslarına xüsusi nişanlar vurur. Bununla da onlar özlərini bəlli edir. Şirkətlər sürücüləri həkim müayinəsindən keçirir və sənədlərini yoxlayır. Lakin lisenziyasız, qeyri-qanuni yolla işləyən şirkətlər haqqında bunu demək olmaz. Uşaqların təhlükəsizliyi üçün isə qanunla xüsusi müddəalar var ki, bu da adətən turlar zamanı tətbiq edilir: “Təhsil şöbəsinin müraciəti əsasında zərurət yaranarsa Daxili İşlər Nazirliyi həmin avtobus üçün patrul ayıra bilər. Bununla da uşaqların təhlükəsizliyi təmin olunar. Burada zərurət dedikdə sürücünün yolu tanınmaması və yolun relyefi nəzərə alınır”.


Sürücülərin bu sahədə 3 ilədək təcrübəsinə gəldikdə isə...  “D” kateqoriyası yalnız 5 illik sürücülük fəaliyyəti tamam olan şəxslərə verilir. Yəni 5 ildən artıq sürücülük təcrübəsi olmayan şəxslər avtobus idarə edə bilməzlər. Bu isə onu deməyə əsas verir ki, belə hadisələrlə qarşılaşmamaq üçün tur şirkətləri qanunvericiliyin bütün tələblərinə dəqiqliklə əməl etməlidirlər. Əks halda, ən xırda diqqətsizlik belə böyük faciələrə yol açar.


Semral Cavad
APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR