Şamaxıda bir ilkə imza atıldı - APA TV

# 19:37
25 oktyabr 2022

Şairlər ocağı olan Şamaxıda bir ilkə imza atılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Şamaxı rayonunun Məlhəm kəndi ərazisində xalqımızın sevimli şairləri, ədibləri, mütəfəkkirləri olan İmaddədin Nəsimi, Əfzələddin Xaqani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, eləcə də digərlərinin rəsmləri yol kənarındakı divarları bəzəyir.

Turistlərin ən çox üz tutduğu Şamaxı-Pirqulu yolunun Məlhəm kəndindən keçən bu ərazisində yol kənarında quraşdırılan şəkillər böyükdən-kiçiyə hər kəsin marağına səbəb olur.

Şamaxıda doğulub boya-başa çatan, yaşayıb-yaradan dahi şəxsiyyətlərin rəsmlərinin Məlhəm kəndi ərazisində çəkilməsi təsadüfi deyil. Tarix müəllimi Fərəc Ağayevin sözlərinə görə, Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biri olmaqla yanaşı, həm də elm ocağı kimi tanınır. Burada çoxlu sayda alimlər, şairlər və elm adamları yetişib.

Onun sözlərinə görə, kəndin adı XII əsrdə Məlhəmdə yaşamış Azərbaycanın böyük şairi Əfzələddin Xaqani ilə bağlıdır.

Bu dahi şəxsiyyətlərin Şamaxıdan olmasını bəlkə də kimsə bilməyə bilər, amma buradan keçərkən onların rəsmlərini görür və Şamaxının Xaqaninin, Sabirin, Seyid Əzim Şirvaninin, Məhəmməd Hadinin Vətəni olduğunu anlayırlar”, - deyə tarixçi bildirib.

Şahnəzər Bəşirov, APA TV, Şamaxı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR