Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR

# 18:28
27 yanvar 2023

Yanvarın 27-də İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə hücum təşkil edilib. Silahlı binaya daxil olaraq bir nəfəri öldürüb, iki nəfəri isə yaralayıb. Azərbaycan prezidenti başsağlığı müraciətində hadisəni terror adlandırıb və tələb edib ki, terrorçular dərhal cəzalandırılmalıdır.

Baş vermiş terrorla əlaqədar bir çox ölkələrdən və beynəlxalq təşkilatlardan başsağlığı mesajları verilməkdədir.

Türkiyədə yaşayan, Azərbaycanın Səlmas şəhərindən olan siyasi şərhçi Məhsa Mehdili baş verənlərin İran adına çox utancverici hadisə olduğunu bildirib. O əlavə edib ki, paytaxtda hansısa ölkənin səfirliyinə hücum xüsusi xidmət orqanlarının icazəsi ilə baş verən hadisədir. 

 

Siyasi şərhçi onu da əlavə edib ki, İranın müsəlman qatili olan ölkənin, yəni Ermənistanın  liderinin xanımının bir neçə gün öncə dini mərkəzlərə qonaq etməsi də paradoksdur. Məhsa Mehdilinin sözünə görə, bir müddətdir ki, Azərbaycan açıq-aşkar hədəf göstərilir.

 

“Terhandakı Azərbaycan səfirliyinə hücum İranın birbaşa günahıdır və beynəlxalq qanunlara görə, məsuliyyət daşıyır”.

Bunu isə ABŞ-da yaşayan soydaşımız, GünAzTv-nin rəhbəri Əhməd Obalı deyib. O bildirib ki, İran dövləti Azərbaycanı dəfələrlə təhdid edib və İranın xüsusi xidmət orqanları ilə əlaqəli olan silahlı qrupları ölkəmizə qarşı terrora təşviq edib.

 

O əlavə edib ki, İranın səfirliklərə hücumları ənənəvidir və tarixən ölkənin xüsusi xidmət orqanları terrorçular vasitəsilə müxtəlif ölkələrin səfirliklərinə hücumlar təşkil edib.

 

Beynəlxalq siyasətdə İran coğrafiyada qonşu ölkələrin daxili işlərinə qarışan, beynəlxalq terror təşkilatlarına maliyyə vəsaiti ayıran və ölkə daxilində terrorçu, diversiya qrupları formalaşdıran dövlət kimi də tanınmaqdadır.

 

Qeyd edək ki, Tehran polisinin iddia etdiyi kimi hücum edən terrorçunun yanında iki nəfər azyaşlı görünmür. İkincisi, hadisənin planlı olduğunu inandırıcı edən detallar var. Belə ki, terrorçu səfirlik əməkdaşının avtomobildən düşüb, binaya daxil olmasını gözləyir. Yayılan videodan o da görünür ki, terrorçu avtomobili səfirliyin avtomobilinə qəsdlə vurur. Çünki məqsədi binadakı səfirlik əməkdaşlarına qapını açdırmaqdır. Belə də olur. Xüsusi diqqət çəkən məqam isə səfirliyin önündə mühafizə postunda oturan İran polisinin terrorçuya mane olmamasıdır. Silahlı şəxs səfirliyə girərkən əli ilə polisə sanki, “sən tərpənmə, əyləş” işarəsi verir.

 

Səfirliyimizin əməkdaşı terrorçu ilə binada uzun müddət mübarizə aparır və silahsız olmasına baxmayaraq, onu zərərsizləşdirməyə çalışır. Ancaq bu qədər müddət ərzində İran polisi postundan bir addım da kənarlaşmır, terrorçunu zərərsizləşdirmək üçün heç yerindən tərpənmir də.

 

Hazırda İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin məişət hadisəsi olması, guya terrorçunun həmin əraziyə uşaqla gəlməsi və s. kimi yalan məlumatlar yayır. Bütün bunlar yalandır və İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür. Xatırladaq ki, Terhan polisi əvvəlcə terrorçünün erməni olması barədə açıqlama versə də, daha sonra hadisənin şəxsi və ailə zəminində törədildiyini bildirdi. Qatilin guya ki, səfirlikdə gizlənən həyat yoldaşını axtarması da yalan və feyk xəbərdir, diqqəti yayındırmaq üçün ortaya atılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR