Şəhid anası: “O mənim çiyinlərimi qucaqlayıb mənə deyirdi ki, ana mən səni şəhid anası edəcəm”

# 13:27
14 oktyabr 2021

Vətən müharibəsi zamanı şəhid olan İlkin Ağaquliyev ailəsinin 10 illik övlad həsrətindən sonra dünyaya gəlmişdi. O, 2000-ci ildə Şabranda doğulub.

Ailənin yeganə övladı olan İlkin kiçik yaşlarında musiqi və idmanla məşğul olub. Müddətdən artıq hərbi qulluqçu kimi döyüşlərə qatılan İlkin Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Bu bir neçə strateji əhəmiyyətli yüksəkliyi azad etdikdən sonra cəbhənin cənub istiqamətində gedən döyüşlərə qatılıb.

Şəhidin anası Səfurə Ağaquliyevanın sözlərinə görə, şəhidin idman və hərbiyə həvəsi var idi: “Uşaqlıqdan idman gedirdi. Vətəni çox sevirdi. Açığı deyim ki, hərbidən xoşum gəlmirdi. Mən evin tək uşağı olduğu üçün istəmirdim hərbidə qalsın. Ona çox yalvardım ki, özünü qoru. Ona deyirdim ki, evin tək oğlusan səhər atanın, ananın meyiti sənin çiyinlərin üzərində gedəcək. O mənə dedi ki, mən deyə bilmərəm ki, kimin meyiti kimin çiyinlərində gedəcək. Bu söhbətdən iki gün sonra İlkin şəhid oldu. O mənim çiyinlərimi qucaqlayıb mənə deyirdi ki, ana mən səni şəhid anası edəcəm”.

Şəhidin sinif yoldaşı Rəhman Əsgərov deyir ki, döyüşlərdə də Suqovuşan istiqamətində görüşmüşük: “Onda da dedim İlkin ehtiyatlı ol. Erməninin iki silahını almışdı, birini əlində, o birini də boynunda idi”.

Həmlə qruplarında yer alan döyüşçü Füzulinin azad olunmasında da qəhrəmanlıqla iştirak edib. İlkin Oktyabrın 16-sı Ağdərə istiqamətində yaralı yoldaşını döyüş meydanından çıxararkən snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

İlkin Ağaquliyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR