Şəhid həkimin son sözləri: “Məni yola sal, getməliyəm”

# 14:41
24 dekabr 2021

Xilaskar həkim, Vətən müharibəsi şəhidi olan baş leytenant Nurlan Fərəməzov. O, 1992-ci ildə Astaranın Təngərüd kəndində anadan olub. Nurlan Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində hərbi həkim işi ixtisası üzrə təhsil alıb. Gədəbəy rayonunda məntəqə tibb xidməti rəisi vəzifəsində işləyəndən sonra Tovuzda xidmətinə davam edib. 6 il hərbi həkim kimi çalışıb və zəngin mənəviyyatı, sağlam əqidəsi, vətənpərvərliyi ilə hamının rəğbətini qazanıb. Ailəsi onunla bağlı qürurla danışır:

- Nurlan çox yaxşı, ağıllı, tərbiyəli, məsuliyyətli həm qardaş, həm də həkim idi. O öz əsgərlərinin daim qayğısına qalırdı, həmçinin bizim də. Həmişə oxumağı çox sevirdi.

- Məzuniyyətə gəlmişdi. O vaxt 2 gün idi, evdə idi. Səhər durub dedi: "Məni yola sal, mən getməliyəm, mənə zəng ediblər." Dedim: "Axı sənə kim zəng eləyib? Sən məzuniyyətdəsən." Dedi: "Məni Masallıda gözləyirlər. Kapitan dostum var. Mən işə qayıtmalıyam.

Beləcə ailəsinə narahat olmasınlar deyə Nurlan yalan danışır, özü məzuniyyətini təxirə salır və Tovuz bölgəsinə yollanır. Vətən müharibəsi başlayanda elə ilk günlərdən komandir və baş həkim olaraq cəbhənin Füzuli istiqamətində yaralı hərbçilərə ilkin tibbi yardım göstərərək həyatlarını xilas edir. Döyüş yoldaşları deyir ki, əksər vaxtlarda qaynar nöqtələrdən yaralıların çıxarılmasına Fərəməzov özü gedib:

- Nurlan öz işinin peşəkarı idi. Daim odlu nöqtələrə can atırdı. Yaralılara ilk çatmağa çalışırdı, ilk yardım göstərməyə çalışırdı. Hər işdə öndə olmağı sevirdi. Biz bundan sonra da ömrümüzün sonuna qədər Nurlan kimi igid, qəhrəman oğullarımızla fəxr edəcəyik.

Anası Həqiqət Fərəməzova və atası Əhliman Fərəməzov övladları ilə fəxr edirlər:

- Danışdı, dedi ki, uzağam mən. Döyüş məndən uzaqdır. Narahat olma. Qayıdacağam. Amma qayıtmadı. Vətəni çox sevirdi, millətini çox sevirdi. Həmişə deyirdi: "Mənim sənətim var. Bax, necə sənətim var?!" Mən də onunla fəxr edirdim, belə oğlum var. İndi də fəxr edirəm.” 

- Vətənpərvər uşaq idi. Onda qorxu yox idi. Çox çətindir, çətin. Evin tək oğlu idi. Müharibə başlayanda da anası dedi ki, "Sən hara gedirsən?" Dedi: "Müharibəyə." Dedi: "Sən bilirsən müharibə nə olan şeydi?" Dedi: "Bəs sən bilirsənmi müharibədə şəhid olmaq nə olan şeydi? Onu bilmirsən.

 

Vətən müharibəsi zamanı oktyabrın 9-da baş leytenant Nurlan Fərəməzov yaralı hərbçiləri döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalır. O, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Astara

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR