Şəhid Həmid Abbasbəylinin xatirəsi doğulduğu məktəbdə anıldı

# 18:03
17 noyabr 2021

Xüsusi Təyinatlı Qüvvələrin baş Leytenantı Həmid Abbasbəylinin xatirəsi anılıb.

APA TV-nin xəbərinə görə, təhsil aldığı 157 nömrəli məktəbin kollektiv və şagirdlərinin iştirakı ilə keçirilən anım tədbirində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra davam edən tədbirdə bu gün şəhidin doğum günü olduğu qeyd edilib, onun Vətən Müharibəsində iştirakından, göstərdiyi şücaətdən söz açılıb.

Şəhidimizin anası Gülnara Məmmədova bu gün oğlunun ad gününü bağrına basıb təbrik edə bilməsə də, onunla qürur duyduğunu deyir: “Həmidin ən böyük arzusu idi torpaqları işğaldan azad etmək. Bu günü, bu əmri səbirsizliklə gözləyirdi. Həmidin həmişə bir əli yumruq vəziyyətdə olurdu. Ancaq özü bizə təsəlli verirdi, deyirdi siz özünüzdən muğayat olun, sanki heç müharibədə deyildi”.

Şəhidin təhsil aldığı məktəbin direktor müavini Adil Həmidov da kədərli olduqları qədər, qürur duyduqlarını deyir: “Bu gün biz fərqli bir gün yaşayırıq, həm kədərliyik, həm qürurluyuq. 44 günlük anım günümüzü keçirdik. 44 səhifəlik bu dastanın 3000 müəllifindən biri də Həmiddir”.

Tədbirdə şagirdlər şəhidin xatirəsinə həsr olunmuş şerlər və musiqilər ifa ediblər.

Qeyd edək ki, Vətən Müharibəsinin şəhidi Həmid Abbasbəyli Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd​ şəhərlərinin işğaldan azad olunmasında iştirak edib.

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı olan Həmid Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə, Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhid olub. O, aprel döyüşlərinin də iştirakçısı olub. İkinci Fəxri xiyabanda dəfn olunan şəhid Həmid Abbasbəyli ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Nərmin Murad,  

Xəyal İsgəndərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR