Şəhid leytenantın xatirəsi anıldı - AD GÜNÜDÜR

# 18:38
6 avqust 2021

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Məhəmməd Şəbiyevin adına xatirə bulağı inşa edilib.

APA TV-nin məlumatına görə, şəhidin doğum günündə bulağın açılış mərasimi keçirilib. Şəhidin atası Vaqif Şəbiyev deyir ki, mən zabit olduğum üçün oğlum hər zaman mənimlə fəxr edirdi: “İndi isə mən onunla fəxr edirəm. Mən 36 il xidmət etdim, oğlum isə üç aya məndən yüksək zirvəyə, şəhidliyə ucaldı. Vətən Müharibəsi başlayan zaman Məhəmməd Ağdam istiqamətindən döyüşlərə qatıldı. Talış kəndini düşməndən azad etdikdən sonra, Suqovuşan istiqamətindəki yüksəkliklərdə döyüşərkən şəhid oldu. Dövlətimizdən bir xahişim var ki, övladımın yaşadığı küçəyə onun adı verilsin ki, onun adı daha da əbədiləşsin”.

Şəhidin nənəsi Mehriban Şəbiyeva isə nəvəsi ilə son danışığını belə xatırlayır: ”Suqovuşana getməzdən əvvəl oğlumla sonuncu dəfə danışığımız oldu. Daha sonra ondan zəng gəlmədi. Üç gün gözlədik, lakin ondan xəbər ala bilmədik. O zaman bildik ki, bizim bütün arzularımız puç oldu. Oğlum üç gün öncə şəhid olubmuş, onun şəhid olduğu günə qurban olum. Şəhadətə yüksəldiyi torpağa qurban olum”.

Mərasimdə şəhidin döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən Müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, Heydər Əliyev adına Ali Hərbi Məktəbdən məzun olan Məhəmməd Şəbiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR