Şəhid olandan bir ay sonra oğlu dünyaya gələn baş leytenantın döyüş yolu

# 11:14
29 yanvar 2022

Rahim Qalib oğlu Mikayılov 1990-cı il sentyabr ayının 3-də Quba rayonunun İkinci Nügədi kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra əsgərliyə yollanan Rahim həyatının qalan hissəsini hərbi sahəyə həsr edib. Rahim Mikayılov Aprel döyüşlərinin fəal iştirakçısı olub. Döyüşlərdə fərqləndiyinə görə fəxri fərmanla təltif olunub.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, vətən müharibəsi şəhidi baş leytenant Rahim Mikayılov Murov silsiləsindəki zirvələr uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Rahimin yaxınları onu qürurla yad edir:

- Rahim zarafatcıl idi. Vətənini çox sevirdi. Çox istəyərdim ki, bu Qələbəni o da görsün. Çünki Aprel döyüşlərindən çox böyük qürurla danışırdı. Düşmənə böyük nifrəti vardı. Qələbəni çox arzulayırdı. Müharibənin ilk günü şəhid olduğu xəbərini aldıq. Onlara verilən tapşırığı canla-başla yerinə yetirib, Murovdağda zirvəni düşməndən azad etdikdən sonra şəhid olub.

-Rahim bayrağımızı Murov zirvəsinə sancan hərbçilərimizdəndir. Bizə ilkin məlumat gəldi ki, snayper atəşi ilə yaralanıb, ondan da şəhid olmuşdu.

-Deyirdi ki, əmi heç nə istəmirəm. Orda bir Ömər postu var. Deyərdi ki, mən bircə ora çıxa bilsəydim, bircə bayrağımızı ora sanca bilsəydik, dünyada məndən xoşbəxt adam olmazdı.

- Xidmət elədiyi 7 il ərzində Murov zirvəsində xidmət edib. Vətənə çox bağlı idi, müharibəyə də özü könüllü gedib. Həmlə böyülüyün komandiri olub. Döyüş yoldaşlarının dediyinə gör verilən tapşırığı 15-20 dəqiqə ərzində uğurla yerinə yetirib. Yüksəkliyi işğaldan  azad edərək dövlət bayrağımızı ora sancıb və sonra şəhid olub.

Şəhid olduqdan 118 sonra nəşi tapılan qəhrəman döyüşçünün üzünü görmədiyi körpə oğlu Vətənə əmanət qalıb.

O, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Qubanın İkinci Nügədi kəndi 44 günlük Vətən müharibəsində dörd şəhid verib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR